Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan əvvəl keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- "Şerif"lə matçdan sonra mətbuat konfransında bildirmişdiniz ki, daha çox "Ferentsvaroş"la oynamaq istəyərdiniz. Nə üçün belə demişdiniz? 

- Əslində, ona görə demişdim ki, "Qarabağ" daha güclü rəqibdi, yaxşı olardı ki, "Ferentsvaroş"la qarşılaşaq.

- Sabah stadiondakı atmosfer və hava ilə bağlı gözləntiləriniz necədir? 

- Bilirdik ki, burada hava da isti olacaq, "Qarabağ"ın azarkeşləri də çox olacaq. Bunların hamısına hazırlaşıb gəlmişik.

- Sabahkı oyunda stadionun dolu olması sizə təsir göstərə bilər? 

- Təbii ki, bilirik çox azarkeş olacaq, stadion dolu olacaq. Çalışacağıq ki, oyuna konsentrasiya olaq.

- Sizcə, cütün favoriti hansı komandadır? 

- "Qarabağ" bura kimi gəldiyi yolda Polşa, İsveçrə və Macarıstan çempionunu sıradan çıxarıb. Biz də Çexiya çempionuyuq. Təbii ki, "Qarabağ" çox güclü rəqibdi. Əlimizdən gələni edəcəyik.

- Sabah müdafiə olunacaqsınız? 

- Oyunun gedişatını, mövqeləri demək istəməzdim. Sabaha qədər fikirləşəcəyik ki, hansı oyunçu hansı mövqedə oynayacaq. Oyun vaxtı görəcəksiniz hər şeyi.

- Çempionlar Liqasına vəsiqə qazanmış kimi düşünürsüz, yoxsa hələ hazır deyilsiz? 

- Demək olar ki, biz bir addımlıqdayıq. Ona görə çalışacağıq ki, maksimumu edək. Çox uzun yol gəlmişik. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq.

- Sabahkı oyunda minimal hesablı məğlubiyyət sizi qane edəcək? 

- Əslində, biz çalışacağıq ki, sabah qələbə qazanaq və evdə daha sığortalanmış olaq. Sabah bizi nəyin gözlədiyini bilmirik. Oyunda bilinəcək. Çalışacağıq ki, qalib gələk və ev oyununu maksimum sığortalanmış halda keçirək.

- Bir çox oyunları iki hücumçu ilə keçirmisiz. Çox matçda da həmin sxemlə qalib gəlmisiz. Sabahkı oyunda da bu cür sxemdən istifadə edəcəksiniz? 

- Bayaq dediyim kimi, "Qarabağ"ın müdafiəsi güclüdü. Ona görə də biz tam bilmirik, əvvəlki sxemlə oynayacağıq ya, yox. "Qarabağ"ın müdafiəsi güclüdü. Sabah qədər hər şey daha dəqiq bilinəcək.