Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna qalib gələrək (3:1) pley-offa yüksələn "Qarabağ" Bakıya qayıdıb.
Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Abdullah Zubir Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib.
Fransalı yarımmüdafiəçi əvvəlcə səfər qələbəsni şərh edib: "Bizim üçün vacib oyun idi. Birinci hissədə əlimizə düşən ilk fürsətdən yararlandıq. Erkən qol komandaya yaxşı motivasiya verdi. Bundan sonra da yaxşı fürsətlərimiz oldu. Rəqibin də qol vurmaq şansları var idi. İkinci yarıda isə açıq oyun getdi. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu".
Zubir ÇL-in qrupunda oynamaq istədiyini bildirib: "Bu, bütün futbolçuların arzusudur. Bizim də məqsədimiz var. İnanıram ki, istəyimiz gerçəkləşəcək”. (Qol.az)