Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə "Ferentsvaroş"la qarşılaşacaq olan "Qarabağ" keçirəcəkləri cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət ünvanlayıb.

Offsideplus.az klubun "Facebook" hesabına istinadən xəbər verir ki, Ağdam təmsilçisini dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq azarkeşlər üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər. Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).

Qeyd edək ki, bu gün Budapeştdə baş tutacaq "Ferentsvaroş" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.