"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"i ilə qarşılaşacağı Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündəki problemi tam aradan qaldırmaq mümkün olmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib. O bildirib ki, hazırda bu yöndə işlər davam etdirilir.
Quliyevin sözlərinə görə, arena prinsip etibarilə sabahkı matça tam hazırdır: "Ot örtüyünün vəziyyəti bəllidir, az da olsa, bəzi yerlərdə saralmalar var. Təxminən 10-15 gündən sonra normal vəziyyətinə dönəcək və saralmalar aradan qaldırılacaq".
Direktor deyib ki, III təsnifat mərhələsinin matçına kimi problemi tam aradan qaldırmaq mümkündür: "Qazon yavaş-yavaş özünə gəlməyə başlayır. 5-6 sentyabrda demək olar ki, bərpa olunacaq və saralmalar aradan qaldırılacaq. Əslində ot örtüyünün vəziyyəti normaldır, Makedoniya "Sileks" ilə oyundakı kimi deyil ki, "biabırçılıqdır" deyək. Bəzi yerlərdə saralmalar var. Amma düşünürəm ki, oyun normal keçəcək".
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq. Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 15-16 sentyabrda keçiriləcək.