Sabah Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Ludoqorest"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu gün Qurban Qurbanovun oyundan öncə mətbuat konfransı keçirildi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Çünki yaxşı təcrübəsi, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan-oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar. Baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq".