UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"la qarşılaşacaq "Lex"in Bakıya səfər proqramı müəyyənləşib.
Offsideplus.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu iyulun 11-də səhər çarter reysi ilə Azərbaycana yola düşəcək. Uçuşun təxminən 4,5 saata tamamlanacağı gözlənilir. Poznan təmsilçisinin baş məşqçisi Con van den Brom saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq. Komandanın açıq məşqi isə saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Lex" oyunu iyulun 12-də saat 20:00-da başlayacaq. İlk matçda Ağdam klubu 0:1 hesabı ilə məğlub olub.