Almaniya millisi və “Bavariya”nın sabiq üzvü Lotar Matteus Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real” – PSJ oyunu öncəsi komandaların liderləri – Kriştiano Ronaldo və Neymarın prinsipial görüşə motivasiyaları ilə bağlı fikirlərini açıqlayıb.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, veteran futbolçu “The Sun” nəşrinə açıqlamasında bugünkü qarşılaşmanın onlar üçün özünüsübut matçı olacağını bildirib:
“Şübhəsiz, “Real” və PSJ öz ulduzlarından asılı olan komandalardır. Ronaldo və Neymar, hər biri bu gün digərindən daha yaxşı olduğunu sübut etməyə çalışacaq. Ötən mövsüm Ronaldo titul qazana bildiyini hamıya göstərdi. O, inanılmaz idi və “Real”a Çempionlar Liqasını qazandırdı. İndi isə Ronaldo o səviyyədə deyil”.
Matteus portuqaliyalı ulduzun bu il zəif çıxışının səbəbini də açıqlayıb:
“Neymara çoxlu pul xərclənir. Bu isə Ronaldonu qəzəbləndirir. Braziliyalıdan geri qalmaq onun xoşuna gəlmir. Ona görə də Kriştiano bu gün öz oyunu ilə ən yaxşı olduğunu sübut etməyə çalışacaq”.
Təcrübəli mütəxəssis Neymarla bağlı da danışıb. O, braziliyalı ulduzun qarşısıalınmaz olduğunu bildirib:
“Düşünürəm ki, Neymara qarşı müdafiə olunmaq “Real” üçün asan olmayacaq. Çünki o, meydanda mükəmməl hərəkət və çoxlu driblinq edir”.
Qeyd edək ki, “Real” – PSJ oyunu bu gün Bakı vaxtı ilə 23:45-da başlayacaq.