FİFA prezidenti Canni İnfantino Bundesliqanın oyunları zamanı bəzi futbolçuların ABŞ-da polis vəhşiliyinin qurbanı olan Corc Floydu anmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, İnfantino bu addımı təqdir edərək, Floydla həmrəylik nümayiş etdirən futbolçuların alqışa layiq olduqlarını vurğulayıb:
"Şübhələri aradan qaldırmaq üçün bildiririk ki, Bundesliqanın oyunları zamanı futbolçuların Corc Floydu anması alqışa layiqdir, təzyiqə yox.  Biz hamımız irqçiliyə, hər hansı ayrı-seçkiliyə "yox” deməliyik. Hamımız zorakılığa, onun hər hansı təzahürünə qarşı mübarizə aparmalıyıq”.
Xatırladaq ki, Bundesliqanın ötən turunda Dortmund "Borussiya”sının futbolçuları Ceydon Sanço ilə Əşrəf Hakimi futbolkalarına bu sözləri yazdırmışdılar: "Corc Floyd üçün ədalət”.
Bundan sonra Bundesliqa rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb və futbolçuların cəzalandırılacağı gözlənilir.