Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə start verəcək. Yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq), qadınların yarışında Tatyana Omelçenko (62 kq) ilk görüşlərinə çıxacaq.

Məmmədov 1/8 finalda Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo) duelinin ən güclüsü ilə, Şəriəti isə 1/16 finalda Hindistan təmsilçisi Satiş Satişlə qarşılaşacaq. Omelçenko isə təsnifat mərhələsində Vietnam güləşçisi Ti Nquyenlə üz-üzə gələcək.

Yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcəklər. Lakin güləşçilərimizin rəqiblərinin adı hələki məlum deyil.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.