Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qadın voleybolçularından ibarət “Gəncə” klubu ilə görüşüb.

Offsideplus.az xəbər verir ki, görüşdə Klubun Müşahidə şurasının sədri, millət vəkili Müşfiq Cəfərov, klubun prezidenti Elvar Osmanov, koordinatoru, Əməkdar məşqçi Elçin Süleymanov, baş məşqçi Sergey Çasnavitski, Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və klub üzvləri iştirak ediblər.

Niyazi Bayramov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə idmana göstərilən xüsusi diqqət və qayğıdan bəhs edərək, klubun üzvlərinə uğurlar arzulayıb.

Müşfiq Cəfərov səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib və klub haqqında geniş məlumat verib. O qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan çimərlik voleybolu üzrə Azərbaycan çempionatında “Gəncə” klubu uğurla çıxış edərək gümüş medala sahib olub.

Görüşdə “Gəncə” klubunun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, qadın voleybolçularından ibarət “Gəncə” klubu 2023-cü ilin avqust ayında yaranıb. Qısa müddət ərzində kluba xarici ölkələrdən idmançılar cəlb olunub. Yeni mövsümdən klub Azərbaycan Yüksək Liqasında çıxış edəcək. Həmçinin, yeni mövsümün hazırlığına start verən klub ev oyunlarını Gəncə şəhərində keçirəcək.