Dünən “AHF Arena” da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının kollektivi əvvəlcə Fəxri xiyabanı ziyarət edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Yarışın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və bütün sahələrdə olduğu kimi idmanda da köklü dəyişiklərin aparılmasında müstəsna xidmətlər göstərdiyini söyləyiblər. Həmçinin vurğulanıb ki, müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyan Ulu Öndərin vaxtilə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilir.
Dövlət himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.
Ardınca dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan kuboku yarışı açıq elan edildikdən sonra komandalar yarış meydançasına dəvət olunublar.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda qatılıb.
İlkin mərhələnin nəticələrinə əsasən yarımfinala yüksələn komandalar finalçıları müəyyənləşdiriblər. Qadınların turnirində “Azəryol” “Azərsu”nu 27:8, “Qarabağ” “İdman Akademiyası”nı 27:23 hesabı ilə məğlub edib. Kişilərin mübarizəsində isə “Məhsul”a 30:23 hesabı ilə qalib gələn “İdman Akademiyası” ilə “Bakı”nı 34:27 hesabı ilə üstələyən “Təhsil” finala yüksəlib.