“Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq".

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə qrup mərhələsində bu gün Moldova yığmasında qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib:

"Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni - qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər. Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.