“Abşeron” və AVF qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni tarix yazıblar.
Offsideplus.az xəbər verir ki, hər iki komanda debütdəcə ölkə çempionatlarının ilk medalına sahib olub. Hər iki komandanın medal qazanacağı əvvəl müəyyənləşmişdisə, artıq onların qazandığı mükafatın əyarı da bilinib. Belə ki, 10 qarşılaşmadan 19 xal toplayan Eldar Yusubovun baş məşqçisi olduğu “Abşeron” gümüş medalı təmin edib. Bu medal son 2 turun nəticəsindən asılı olmayaraq, Bakı təmsilçisinin tarixinə ilk mükafat kimi düşüb.
AVF isə çempionatı artıq bürünc medalla başa vuracağını rəsmiləşdirib. Onlar 10 görüşdə 11 xala sahib olmaqla, bu uğura imza atıblar. Bununla da, “Abşeron”la AVF Azərbaycan çempionatları tarixinə yeni mükafatçı kimi düşüblər. 2008/2009 mövsümündən Super Liqaya çevrilən yarışın əvvəlki 9 mövsümündə 7 klub fəxri kürsüdə yer almışdı. Çempionatın yubiley ilində “Abşeron” 8-ci, AVF 9-cu komanda kimi daxil olub. Super Liqada mükafat alan “doqquzluq”dan yalnız 3-ü - cari mövsümü fəxri kürsüdə başa vuracaq komandalar fəaliyyətini davam etdirir. Digər 6 klub isə tarixin yaddaşına qovuşub.
Azərbaycan çempionatının qızıl medallarına “Azərreyl” yiyələnib. Onlar 1 illik fasilədən sonra yenidən ölkənin ən güclüsü olublar. Bununla da “dəmiryolçular” medal sayında Azərbaycan rekordunu yeniləyiblər. Əgər onlar bunadək “Rabitə” ilə eyni sayda – 7 mükafat qazanmışdısa, artıq bu rəqəmi 8-ə çatdırıblar. Medalların əyarında isə “Rabitə”yə çatmaq hələ mümkün deyil.
Apasport