"Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Toplanışa dünəndən başlamışıq. Dünya çempionatının əsas mərhələsində qrupumuzda birinci yeri tutmağa çalışacağıq".

Offsideplus.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Bakıda keçiriləcək dünya çempionatının əsas mərhələsinə hazırlıq barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis heyətlə bağlı kiçik problemlərinin olduğunu vurğulayıb. O, Everton Kardoso Qalo və Karvalyo Viela dos Santosun zədəli olduğunu söyləyib. Da Silva hər iki futzalçının durumuna qarşıdakı günlərdə aydınlıq gələcəyini bildirib.

Baş məşqçi rəqibləri güclü və zəiflərə bölməyin düzgün olmadığını deyib: "Moldova və Monteneqro ilə oyunlar da bizim üçün vacibdir. Slovakiyaya qarşı matç isə daha çətin keçəcək. Amma ona qədər hər iki görüşü yüksək səviyyədə keçirməli və uğurlu nəticə qazanmalıyıq".

Oktyabrın 24-də "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində Kipr APOEL-in qəbul edəcək. Baş məşqçi həmin qarşılaşmanın futzal millisinin Monteneqro yığması ilə görüşü ilə üst-üstə düşməsini problem saymadığını söyləyib: "Əlbəttə, "Qarabağ"ın oyununa daha çox azarkeş gedəcək. Amma futzala da baxanlar var və onlar arenanı dolduracaqlar".

Millinin heyətində bir müddət əvvəl Çempionlar Liqasında uğursuz çıxış edən "Araz"ın oyunçuları var. Braziliyalı mütəxəssis bu amilin milliyə psixoloji cəhətdən çətinlik yaratmayacağı qənaətindədir: "Əlbəttə, pis nəticə göstərdik. Amma Belçikaya tam istədiyimiz heyət gedə bilmədi. Çoxlu sayda oyunçumuza viza verilmədi. Bu, bizdən asılı olmayan vəziyyət idi. Orada 6 nəfərlə mübarizə aparırıdıq. Ancaq bu amilin milliyə təsir etməyəcəyini düşünürəm. Çünki uşaqlar istirahət ediblər və Çempionlar Liqasında bu heyətlə nəticə qazanmağın çətin olacağını başa düşürdülər". 

Qeyd edək ki, təqvimə əsasən, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq.