Girişi uzatmağa gərək yoxdur.
Hidayət Heydərov Parisdə keçirilən Olimpiya Oyunlarında çempion oldu. Cüdomuz üçün tarixi hadisədir. 16 illik həsrət başa çatdı. Sonuncu dəfə Pekində keçirilən Olimpiadada Elnur Məmmədli bizi sevindirmişdi. İndi isə Hidayət bütün ölkəni qürurlandırdı.
Təbii ki, idmançımızın bu qələbəsini çox qabartmaq lazımdır. Niyə? Çünki Hidayət karyerası ərzində çox əziyyət çəkib. Həm özü ilə, həm də haqsızlıqlarla mübarizə aparıb. Buna baxmayaraq, hər zaman uğur qazandı.
Belə bir deyim var: "Allah hidayət versin!"
Çoxu bu ifadəni bəyənmir. Elə bilir ki, pis nəsə deyirsən. Ya da ona günahkar olduğunu hiss elədirirsən. Bəs, hidayət nə deməkdir? Sözün "doğru yolda olmaq, haqq yolu tapmaq və ya göstərmək" mənaları var.
Gör, necə gözəl sözdür? Əsl Hidayət Heydərova layiq. İllər ərzində düşdü, qalxdı. Amma doğru yolundan dönmədi. İdman tarixində həm Dünya, həm Avropa, həm də Olimpiya çempionu olan ilk cüdoçu oldu.
Hidayət təkcə uğurları ilə ürəkləri fəth etmədi. Finalda məğlub etdiyi fransalı Joan-Benjamin Qabanın alnından öpərək əzmkar mübarizəyə görə rəqibini təbrik etdi. Cüdoçumuz bu hərəkəti ilə idmanın dostluq, sülhə çağırış, sağlamlıq olduğunu dünyaya nümayiş etdirdi. Yəni, hərkəsə haqq yolunu göstərdi. Bir sözlə, Allah Hidayət verdi!