Bir tur əvvəl dörd qol vurub, ötən gün bunun "əvəzini çıxan" "boz qurdlar"...
"Turan Tovuz"da işlər qaydasında getmir. Ötən mövsümü altıncı pillədə başa vuran qərb təmsilçisindən bu sezonda gözləntilər daha böyük idi, lakin... Ayxan Abbasovun rəhbərlik etdiyi komanda cari çempionatda qeyri-stabil çıxışı ilə diqqət çəkir. Ötən turda - Qərb derbisində "Kəpəz"i darmadağın edən (4:0) tovuzlular, dünən "Qəbələ" səfərində eyni hesabla məğlub oldu. Abbasovun məğlubiyyət şərhi isə belə oldu:
"Bu cür oyundan sonra danışmaq çətindir. Acı məğlubiyyətlə üzləşdik. Oyuna baxsaq, birinci qola qədər bərabərsəviyyəli oyun gedirdi. Həmin qol komandamıza pis təsir etdi. İkinci hissə dəyişiklik etdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox güclüdür. Hesab 3:0 olduqdan sonra sistemi dəyişdik, hücumamemeyilli oyunçuların hamısını meydana buraxdıqdan sonra bəlkə də, bir qol bizi həvəsləndirə bilərdi. Amma təəssüf ki, olmadı. "Qəbələ" bu gün çox yaxşı oynadı. Üzücü məğlubiyyətdir. Bundan dərs çıxarmalıyıq. Çünki toparlanmaq lazımdır. Mövsüm uzundur. Futbolçulara da dedim ki, bu cür məğlubiyyətdən sonra ruhdan düşmək yox, toparlanmaq vacibdir. Çünki sabah özümüzü çətin duruma sala bilərik. Bu durumdan çıxmağa çalışacağıq. Komandama inanıram. Gələcək oyunlarda azarkeşlərimizi sevindirəcəyik".
Təcrübəli mütəxəssis hər məğlubiyyətdən sonra azarkeşləri gələcək oyunlarda daha fərqli "Turan Tovuz" görəcəklərinə ümidləndirməyə çalışır, amma nədənsə alınmır ki alınmır. Azərbaycan futbolunun ən köklü klublarından biri olan TT-nin fanatları da hələ ki dözürlər. Dünənki matçdan sonra azarkeşlər Qəbələ şəhər stadionunun tribunalarını tərk etməyərək, komandaya cani-dildən dəstək nümayiş etdirdilər. Amma hara qədər?..
"Turan Tovuz" hazırda çempionatda ən bərbad oyun sərgiləyən kollektivlərdən biridir. Ümumiyyətlə, qərblilərin oyun planı barədə çox tənqidi fikir səsləndirmək olar. Komandaya cəlb edilən legionerlərin performansı isə fiaskodur. Demək olar ki, bu futbolçuların "Turan Tovuz"a heç bir faydası dəymir.
Tovuz klubunun digər problemlərindən biri də Bakıda məskunlaşmasıdır. Yerindən-yurdundan olan komanda hazırlığı paytaxtda, oyunlarını isə doğma divarlar arasında keçirir. Ən diqqətçəkən məqam isə budur ki, "Turan Tovuz" Bakıda süniörtüklü meydançada məşq edir, çempionat matçlarını isə evdə təbi ot örtüyündə oynayır. Bu da komandanın çıxışına mənfi təsirsiz ötüşməyə bilməz.
Artıq elitada qış fasiləsi yaxınlaşır. Düzdür, marafon davam edir və "Turan Tovuz" 15 xalla məskunlaşdığı 8-ci pillədən qurtula və daha yuxarı pillələrdə qərarlaşa bilər. Lakin bu performansla çətin görünür...
Offsideplus.az