2010-2013-cü illərdə Azərbaycan milli komandasını dəstəkləmiş "Sector 11" azarkeş qrupu "Göyqurdlar" adı altında fəaliyyətini bərpa edib.
Fan-qrup noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - İsveç görüşündə yığmamıza dəstək olacaq. "Göyqurdlar" azarkeş qrupunun rəhbəri Elnur Şərifli Offsideplus.az-a müsahibəsində yeni qurulmuş azarkeş qrupunun missiyasından, İsveçlə oyunda planlaşdırdıqları sürprizdən danışıb.
Müsahibəni təqdim edirik:
– Niyə məhz “Göyqurdlar"? “Sector 11" adı ilə geridönüş etməməyinizin səbəbi nədir?
– Bəli, yeni təsis etdiyim azarkeş qrupumuzun adının "Göyqurdlar" olmasının əsas səbəbi həm bayrağımızdakı türkçülük rəmzinin, həm də milli komandamızın ev formasının rənginin göy olmasıdır. 2010-cu ildə “Sector 11” azarkeş qrupunu quraraq çıxdığım bu yolda Azərbaycan tribunalarına bir çox yeniliklərin gətirilməsinə vəsilə olduq. Qısa müddətli fəaliyyəti dövründə Azərbaycanda bir çox yeniliklərin gətirilməsinə öncülük etmək mənim üçün bir fəxr oldu. Təsis etdiyim gündən 2013-cü ilə qədər başçılıq etdiyim “Sector 11”in bu müddətdə əldə etdiyi uğurlar hələ də Azərbaycan tribunalarının ən möhtəşəm xatirələri olaraq qalmaqdadır. Bizim fəal olduğumuz dövrlərdə bir çox klublarımızın azarkeş qruplarında boşluqlar var idi və dəstəyə ehtiyac olduğundan klublarımıza biz də qoşulub dəstək verirdik. Bəzi klublarımızın heç öz azarkeş ordusu belə yox idi. Halbuki artıq vəziyyət müsbətə doğru dəyişib. Artıq klublarımızın müasir və güclü azarkeş qrupları da formalaşıb və formalaşmağa da davam edir.
– Gələcəkdə "Sector 11" adı tribunalara qayıdacaqmı?
– "Sector 11" artıq öz missiyasını Azərbaycan tribunalarında uğurla başa vurmuşdur. Bir neçə müasir azarkeş qruplarının formalaşmasında da örnək olmuşdur. Bu səbəbdən, mən də tribunaya 10 illik ara vermişdim və sonrasında "Milli Dəstə"nin rəhbəri, dəyərli dostum Şamil Mustafayev və bir çox dostlarımızın da təkidiylə yeni qrup quraraq tribunalara qayıtmağa qərar verdim. Təsis etməyimdəki öncəlikli məqsəd, səfər oyunlarında “Milli Dəstə” ilə birlikdə səfər tribunalarımızı daha da gücləndirmək və azarkeş ordusunu böyütmək idi. Ölkəmizə Avropada təzyiqlərin artdığı bu günlərdə bayrağımızı daim yüksəkdə tutmağa və vətənpərvər gənclərin birləşəcəyi bir dərnək olaraq da Avropada fəaliyyət göstərəcəyik. İlk matçımız olaraq Belçika səfəri yerinə, çoxsaylı marağı görərək tribunaya evdəki İsveç matçından başlamağı qərar verdik. Yaxın zamanlarda Bakıya səfərim sonrası Azərbaycanda keçirəcəyimiz görüşlər sonrası Azərbaycan təmsilçiliyimiz üçün koordinatorluq verəcəyik və “Göyqurdlar”ın Azərbaycandakı fəaliyəti üçün də koordinatorlarımız olacaqdır. Milli komandamızın ev oyunlarına da marağın kəskin azalması və Azərbaycandan gələn çoxsaylı üzvlük istəkləri sonrası bu qərarı verdik.
– İsveçlə oyunda komandanı dəstələmək üçün qeydiyyat başlayıb (qeydiyyat linki: https://t.ly/ZPMP5). Təxminən nə qədər azarkeşin dəstək olması gözlənilir?
– İsveçlə matça yüksək səviyyədə hazırlaşırıq. Məni tanıyan dostlar da bilir ki, daim tribunada yeniliklər etməyə və Azərbaycanda heç kim etmədiyi yenilikləri gətirməyə çalışmışam. İlk matçımızda tribunada mükəmməl bir xoreoqrafiya etməyi planlaşdırmışıq. Qrupumuzun təsis edildiyi gündən etibarən azarkeşlərimizin marağı böyükdür. Hazırda 500-ə yaxın azarkeş matça bizimlə birgə gələcəyini bəyan edib və qeydiyyatdan keçib. İnşallah, matça qədər sayımızı daha da artıracağıq.
– İsveçə qarşı oyunda milli komandadan və azarkeşlərdən nə kimi gözləntiləriniz və ya tələbləriniz var?
– Biz milli komandamızın güclü olmadığını və daim qələbə qazanmadığı bilə-bilə stadiona gedirik. Biz komandamızı üç rəngli bayrağımız üçün dəstəkləyirik və nəticədən asılı olmayaraq da 90 dəqiqə komandamızı dəstəkləyəcəyik. Ümid edirik ki, oyunçularımız da bunu başa düşərək meydançada sona qədər mübarizə aparacalar.
– Sizcə, milli komandanın oyunlarının daha çox “Dalğa Arena”da baş tutması (şəhərdən nisbətən uzaqda keçirilməsi), komanda ruhuna nə dərəcədə təsir?
– Şəxsən “Dalğa Arena”da matçların keçirilməsinə həmişə qarşı olmuşam. Stadionun balaca olduğunu nəzərə alıb onu doldurmağın asan olmasını fikirləşmək yanlış düşüncədir. “Dalğa Arena”nın yerləşdiyi bölgə şəhərin mərkəzindən çox uzaqdadır və azarkeşlərin gedib-gəlməyində problem yaradır. Mənim fikrimcə, ölkəmizin 1 nömrəli mərkəzi arenası “Tofiq Bəhramov adına Respublika stadionu”dur. Rəqibin kimliyindən asılı olmayaraq komandamız daim rəqiblərini bu stadionda qəbul etsə, azarkeşlərin marağı da daha çox olar. Komandamız nəticə göstərdikcə əvvəlki illərdəki kimi stadion dolacaqdır. Biz Lüksemburq, ya da Malta kimi balaca ölkələrdən deyilik ki, matçlarımızı 6 minlik stadionda keçirək. Məsələyə vizyon və prestij bucağından da baxmaq lazımdır. İsveç matçının qrupumuzdakı sonuncu oyun olduğunu nəzərə alaraq millimizin qələbə qazanacağını düşünürəm. Hazırda İsveç millisinin qrupda heç bir iddiası qalmayıb və düşünürəm ki, komandamız əlindən gələni edərək bundan maksimum istifadə etməyə çalışmalıdır. Milli komandamızın evdə İsveçdən xal alması, Belçikadan səfərdə xal almasından daha realdır. Bizim də dəstəyimizlə komandamızın İsveçə qarşı layiqli oyun oynayacağına inanıram. Bu matçda 90 dəqiqə durmadan dəstək vermək istəyən azarkeşlərimizi səhifəmizdən əlaqəyə keçərək bizə qoşulmağa çağırıram. Xoreoqrafiyamızın reallaşması üçün onların da dəstəyinə ehtiyacımız var.
Günay Xəlil