2017/18 mövsümündən bəri "Sumqayıt"ın formasını geyinən Səbuhi Abdullazadə "Turan Tovuz"a qarşı MPL-nin VII tur oyununda klub heyətində 100-cü – yubiley matçına çıxdı.
"Sumqayıt" akademiyasının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçinin Offsideplus.az-a müsahibəsini təqdim edirik:
– “Turan Tovuz”a qarşı oyunda “Sumqayıt” heyətində 100-cü oyununu keçirdin...
– Gözəl bir haldır ki, karyerama başladığım klubda 10-cü oyunuma çıxdım. Yubiley oyunumda qələbə qazanmaq istərdim.
– Neçə yaşından futbol oynamağa başlamısan?
– 5 yaşımda futbola başlamışam. Daha dəqiq desək, 2007-ci ildə. Futbola sevgim məhəllədə oynayaraq başlayıb. O vaxtdan futbolçu olmaq istəyirdim. Mövqeyimə uyğun olaraq ən sevdiyim futbolçu hər zaman Andres İnyesta olub. 2011-ci ildən etibarən isə “Sumqayıt” akademiyasına qoşulmuşam.
– Futbolçu olmaq arzusu ilə akademiyaya üz tutan uşaqlara nə məsləhət görərdin?
– Futbola yeni başlayan gənclərə əsas tövsiyəm budur ki, ciddi yanaşsınlar. Məşqlərinə mütəmadi davam etsinlər, məşqçilərin tapşırıqlarını yerinə yetirsinlər. Bu elə sahədir ki, karyeranı bitirənə qədər gərək rejimdən çıxmayasan, daim öz üzərində işləyəsən. Ancaq bu yolla uğur qazanmaq olar.
– Yazda “Sumqayıt”la 2026-cı ilədək müqavilə imzaladın. Gələcəkdə legioner həyatı yaşamağı düşünürsənmi?
– Əlbəttə ki, legioner həyatı yaşamağı düşünürəm. Lakin indiyə qədər rəsmi təklif gəlməyib. Sadəcə maraqlanan xarici klublar olub.
– Top-5 liqadan hansı klubda oynamaq xəyalın var?
– Ən sevdiyim klub “Real Madrid”dir. Orada oynamağın mənim kimi hər bir futbolçunun xəyalı olduğunu düşünürəm.
– Futboldan kənar nə edirsən?
– Ailəmlə və dostlarımla vaxt keçirirəm.
– Oyunlarında yaxşılaşdırmaq istədiyin hansı sahələr var?
– Daha çox qol vurmaq istəyirəm (gülür).
– Səbuhi Abdullazadə niyə Azərbaycan milli komandasına çağırılmır?
– Milli komanda formasını geyinmək hər bir futbolçunun arzusudur. Hələ ki o şans mənə qismət olmayıb. Əgər nə vaxtsa, milli məşqçilərinin diqqətini çəksəm, məmnuniyyətlə ölkəmizin adı və bayrağımız üçün oynamağa hazıram. Hələ ki dəvət olunmamışam.
– Mövsümə ardıcıl qələbələrlə başladınız, sonrakı oyunlarda isə 2 heç-heçə, 2 məğlubiyyət qeydə alındı. Bu mövsüm hədəfləriniz nədir?
– Mövsümə yaxşı başlamışdıq, sonrakı oyunlarda qalib gələ biləcəyimiz halda qələbələri əldən verdik. İnanıram ki, gələcək oyunlarda səhvlərimizdən dərs çıxarıb, daha yaxşı olacağıq.
– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Həm özün, həm də komanda olaraq hazırsınızmı?
– “Qarabağ” hər kəsin bildiyi kimi güclü rəqibdir, amma çempionatda yenilməz komanda yoxdur. Bu oyuna da hər oyunda olduğu kimi qələbə üçün çıxacayıq. Həm komanda olaraq, həmdə öz adıma deyə bilərəm ki, matça hazırıq.
Günay Xəlil