2 həftədən çoxdur ki, yerli futbolsevərlərin gözü ölkə futbolundadır. Xeyr, söhbət nə Azərbaycan çempionatından, nə də Əvəzedicilər Liqasında gedir. Sentyabr ayının əvvəlindən etibarən Bakıdan Yevlaxına, Göygölündən Lənkəranına qədər futbolun “f” hərfi bilinən bölgələrimizdəki hər kəsin diqqəti I və II Liqa oyunlarına yönəlib.

Ağacların yarpaqlarının tökülməyə başladığı bir zamanda bölgə futbolu yenidən “tumurcuqlamağa” başlayıb. 4 sentyabr tarixində II Liqa, 13 sentyabrda isə I Liqada 2023-24 mövsümünə start verildi. I Liqada 10, II Liqada isə 14 komanda mübarizə aparır. Müvafiq olaraq, I və II Liqalarda oynayan komandaları bir daha diqqətinizə çatdırırıq:

I Liqa: “İrəvan”, “Karvan”, MOİK, “İmişli”, “Şamaxı”, “Araz Saatlı”, “Mingəçevir”, “Qaradağ Lökbatan”, “Difai Ağsu” “Zaqatala”.

II Liqa: “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Baku Sportinq”, “Qusar”, “Şəfa”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir”, “Kür-Araz”, “Şəki City”, “Dinamo”, “Şahdağ Qusar”.

764446501e258e2d07 1

II Liqanın I turunda 35, II turunda 39, I Liqanın I turunda isə 15 qol qeydə alındı. OFFSIDE SPORT MEDİA-nın sosial şəbəkə səhifələrində geniş işıqlandırdığı I və II Liqalarda yeni mövsümün startı ilə bağlı bu oyunların təşkilatçı qurumu – PFL-lə əlaqə saxladıq. Hazırda 5 çempionatın (Premyer Liqa, Əvəzedicilər, I və II Liqalar, Azərbaycan Kuboku) təşkilati işlərini yerinə yetirən PFL bölgə futboluna necə dəstək göstərir? Qurumun media və marketinq direktoru Sənan Abdullayev Offsideplus.az-a müsahibəsində liqa oyunlarını dəyərləndirdi, bölgə futbolundakı çatışmazlıqlardan, PFL tərəfindən göstərilən və göstərilməsi nəzərdə tutulan dəstək planlarından söz açdı.

 Müsahibəni təqdim edirik:

– I Liqada ilk tur baş tutdu. Beləliklə, I və II Liqa oyunlarını necə dəyərləndirərdiniz?

– I Liqada ilk tur gözlədiyimiz kimi maraqlı keçdi. Açılış oyununda “Karvan” və “Mingəçevir” qarşılaşdı. Milli fasilə ilə əlaqədar bu oyuna tam heyətlə yollanmışdıq. Bildiyiniz kimi PFL bu mövsümdən Premyer Liqa, Əvəzedicilər liqası, I Liqa, II Liqa və Azərbaycan Kuboku olmaqla, ümumilikdə 5 çempionatın təşkilati işlərinə nəzarət edir. Bu da çox böyük məsuliyyət və iş yüküdür. Bura təbii ki, yayım işləri də daxildir. Əlimizdə olan imkanlarla, çəkiliş heyəti ilə öhdəsindən gəlməyə çalışırıq. 3 kamera ilə yayım təşkil etdik. Oyunöncəsi və oyunsonrası açıqlamaları tamaşaçılara çatdırdıq. Bununla yanaşı əməkdaşlarımız xüsusi süjetlər də hazırladı. Özəl fotolar təqdim etdik. Canlı yayımda eyni anda min nəfər izləməyə nail olduq ki, 1-ci Liqa üçün çox yüksək göstəricidir. Bu gün 18 min baxış var artıq.

 41326586501e259ccd8a

I Liqa 23/24 I tur "Karvan" 4-1 "Mingəçevir"

 

Matça gəlincə, təftiş zamanı ideal vəziyyətdə gördüyümüz ot örtüyü 4 gün aramsız yağış üzündən sıradan çıxmışdı və təbii ki bu, oyunun sürətinə təsirsiz ötüşmədi. Amma ümumilikdə Yevlax təmsilçisinin daha hazırlıqlı olduğu görünürdü ki, bu da hesabda əksini tapdı. Sevindirici haldır ki, “Karvan”ın legionerləri də özlərini doğruldacaq kimi görünürlər.

İddialılardan “İrəvan” ilk turdaca Premyer Liqa iddiasının əbəs olmadığını göstərdi. Heyətdə Vüqar Bəybalayev, Mirabdulla Abbasov, Cavid Tağıyev, Elşən Abdullayev, Arsen Ağcabəyov kimi futbolçuların olması sözünü dedi.

“İmişli” derbisində maddi durum və təbii ki, Əsgər Abdullayev təcrübəsi rol oynadı. Premyer Liqadan gələn “Şamaxı”nın “Qaradağ Lökbatan”la oyunda qalib gələ bilməməsi geri dönmək arzusunu reallaşdırmaq üçün çox çalışmalı olduğunu göstərdi. “Difai Ağsu”nun evdə MOİK-ə böyük hesabla uduzması da mübarizənin gərgin keçəcəyinə işarədir.

II Liqada isə hər oyun bolqollu matçların izlənməsi azarkeşlərin də zövqünü oxşayır.

991695364fde20763057

II Liqa 23/24 II tur "Ağdaş" 2-4 "Baku Sportinq"

 

– Liqa oyunları ilə bağlı mövsümün əvvəlində gözlədiyiniz və mövsüm başlayandan sonra təəccübləndirən cəhətlər nələr oldu?

– Xüsusən II Liqa böyük maraq topladı. Bölgələrdə futbola sevgini bir daha bariz şəkildə izləməkdəyik. Hər oyun bayram ab-havasında keçir. Doğrudur, stadionların durumu ideal deyil. Amma buna nə zamansa start verməli idik ki, çatışmazlıqları görək. Yoxsa illərboyu gözləməliyik. Yarımpeşəkar statusda olsa belə, vaxtilə Premyer Liqada parlamış Cavid İmamverdiyev, Ramazan Abbasov, Rahid Əmirquliyev və digər futbolçuların da burada oynaması əlavə rəng qatır. Gözlədiyimizdən də artıq diqqət görməyimiz xoş təəccübümüzə səbəb oldu.

77749516501e2ce27093

–  PFL tərəfindən I və II Liqalardakı klublara hansı dəstəklər göstərilir?

– Dövlət tərəfindən I Liqa klublarına 300 min, II Liqa təmsilçilərinə isə 50 min manat vəsait ayrılır. PFL-in bugünkü büdcəsi maddi dəstək üçün yetərli deyil. Amma təşkil etdiyimiz bütün liqaların rəsmilərinə oyunların keçirilməsi, klubun idarəçiliyi, infrastruktur məsələləri və ümumiyyətlə klub işləri ilə bağlı bütün məsləhətləri veririk. Hazırda bu liqaların da gözlədiyimiz ən böyük xidmətlərindən biri menecerlər, idman direktorları, klub idarəçilərinin yetişdirilməsi olmalıdır. Ümid edirik ki, çempionatlar Azərbaycan futboluna mütəxəssislər qazandırmaqda yardımçı olacaq.  

–  Liqa klublarına hansı dəstəklərin göstərilməsi planlaşdırılır?

– Planlarımız çoxdur. Sponsorlar tapsaq, həm infrastruktur, həm mütəxəssis hazırlığı baxımından klublara yardım etməyi arzulayırıq. Amma hər sponsorla da anlaşmaq doğru deyil. Bəzən çox kiçik məbləğ qarşılığında böyük istəklər irəli sürənlər də olur ki, bu bizi qane etmir.

 

 Xülasə, mövsümün əvvəli bölgə futbolu üçün uğurlu oldu. I və II Liqalarda keçirilən oyunlarda azarkeş axını kimi xoş görüntülərlə yanaşı, gözlənilən infrastruktur problemləri də üzə çıxdı. Bu problemlərin mövsümün gedişində və ya sonunda həll yolunun tapılacağına inanırıq. Uzun müddət sonra bölgələrə qayıdan futbolumuzun həmişə belə azarkeşli, prinsipial, gələcəkdə isə bol sponsorlu olması diləyilə...

 

Günay Xəlil

 

68010326501e2ce39ecd

 

401294864ff1867e0df4