"Klublarımız və akademiyalarımız", 13 avqust, saat 09:03, Kapital Bank Arena, Sumqayıt şəhəri.
Valideynlərlə yanaşı əyləşib, 8-9 yaşlı uşaqların seçimlərini izləyirik. Biri deyir, “komanda şəklində oynaya bilmirlər”, o birisi deyir, “bunlardan futbolçu çıxmaz”, digəri oğluna deyir, “biabır oldun”. Bu qədər neqativ rəylərin arasında bəzən bir neçə gənc futbolçu qapıya yol tapa bilir, bəziləri topu rəqibdən alır, qapı xəttində dayanan gələcəyin qolkiperləri seyvlər edir və alqış, tərif qazanırlar.
“Sumqayıt” Futbol Klubunun təşkil etdiyi 2014-2015 təvəllüdlü futbolçuların seleksiyasının üçüncü — sonuncu günü idi. İyun ayından bəri seçimlərə qatılan 500-ə qədər uşaqdan bu gün (G.X. — 13 avqust) təxminən 35-ə qədəri akademiyaya daxil olmaq üçün bacarıqlarını nümayiş etdirirdi.
Bağcıqlarını bağlaya bilmədiyi üçün məşqçinin əyilib iplərini bağladığı uşaqlar var. “Barselona” formasında qol vurub, Kristiano Ronaldo sayağı qeyd edən uşaqlar var. Qətiyyətli olanlar var, özlərinə güvəni olmayanlar var. Bir sözlə, varlar. “Sumqayıt” Futbol Klubu da bu uşaqlara dəyər verib, var olmalarına şükür edir və seçimlər keçirir.
Seleksiyanın üçüncü mərhələsi 9-11 və 13 avqust tarixlərində baş tutdu. Sonuncu seçim günündən sonra akademiyanın koordinatoru Ağamusa Bağırov Offsideplus.az-a geniş müsahibəsində seleksiyadan, uşaqların qəbul prosesindən və akademiyanın iş prinsipindən söz açdı.
“Biz həvəsi, perspektivi olan futbolçunu “get, sən futbolçu deyilsən”, - deyə qaytarmırıq"
“Seleksiya 3 mərhələli olur, sonda seçilənlər əsas komandaya dəvət edilir. Maksimum 16 nəfər qəbul oluna bilir Əsas heyəti qurururuq, bu bizim A komandamız olur. Ora düşə bilməyən, lakin potensialı olanlar isə B komandasına cəlb edilir. Biz həvəsi, perspektivi olan futbolçunu qaytarmırıq ki, “get, sən futbolçu deyilsən”. B komandasında potensialını üzə çıxarmış oyunçular daha sonra A-ya yüksələ bilir. Əsas komandamız Bakı, B komandamız isə Sumqayıt zonasında oynayır. Elə olub ki, bütün Sumqayıt məktəblərini dəvət etmişik. Fərqlənən qız və oğlanları yol pulu ilə təmin etmişik ki, gəlib-getməyə həvəsləri olsun”.
Əməkdar məşqçi seçimlərdə şəffaflıq prinsipi qorunduğunu qeyd edir:
“Havanın isti olmasına baxmayaraq, valideynlər akademiyaya qəbul olunması üçün uşaqlarını məşqlərə gətirir. İyun ayından təşkil olunan seçimlərdə 500-ə yaxın uşaq iştirak edib. Seleksiyada şəffaflıq qorunur. Məşqlər kameralarla izlənilir, parametrləri uyğun olmayan uşaqları rəhbərlik görür.
“Futbolçularımızın robot olmasını istəmirik”
Bugünkü (G.X. - 13 avqust) seleksiyada 34 oyunçu arasında seçim olunacaq və onlar U-9 üzrə A və B komandalarına cəlb ediləcək. Gələn həftədən əsas qrupların məşqləri başlayır. Həftədə 3 dəfə keçiriləcək.
AFFA-nın keçən ildən keçirilən U-8, U-9, U-10, U-11, U-12 arası yarışları var. Bu yarışlar qeyri-rəsmidir, xal və ya yer verilmir ki, bu, uşaqların psixologiyasına təsir göstərməsin. Bu yaş üçün bizim böyük tələblərimiz yoxdur, əyləncə-məşq xarakterli olacaq. Futbolçu olmaq üçün zamana ehtiyacları var.
Belə bir deyim var, 8-10 yaşda futbolu öyrənirik, 10-12 yaşda isə oynayaraq futbolu öyrənirik. Uşaqlar üzərində valideyn, məşqçilər tərəfindən təzyiq yaradıla bilər ki, yarışda oynayırsansa, mütləq yer tutmalısan. Oyun imtahan kimidir, futbol elementlərini, psixoloji durumu izah etməliyik. Biz 4 il sərbəstlik veririk, bu müddət başa çatandan sonra uşaqlar futbolçu karyerası qurmaq istəsə, daha həvəsli şəkildə bizə dönüş edəcək.
“Talant” qrupu var, bu fərdi proqram uşaqların zehnini gücləndirməyə, onların baxışını formalaşdırmağa, məsuliyyətini artırmağa xidmət edir. Onlara ingilis dili, şahmat dərsləri tədris olunur, psixoloq dəvət edirik. Müstəqil Azərbaycanın ilk qadın qrossmeysteri Zeynəb Məmmədyarova ilə əməkdaşlığımız çərçivəsində həftədə bir dəfə onların təyin etdiyi məşqçi uşaqlara şahmat dərsi keçir. Futbolçularımızın robot olmasını istəmirik. Futbolçu görür, beynində təhlil edərək qərar verir və ayağı icra edir. Bunun üçün zehnini aşağı yaşlardan inkişaf etdirməsi vacibdir”.
Su ilə təmin olunurlar, meyvə günləri var, uşaqların zədələnməsi halları klub tərəfindən qarşılanır. Rəhbərlik qayğılarına qalır. Müasir futbolda tələb olunanlar bizdə dərs halında keçirilir. Akademiyamız oyunçularımızı xüsusi maskalarla, fərqli jiletlərlə təmin edir.
“Sumqayıt” yaranan gündən bəri klubda çalışan 66 yaşlı mütəxəssis hazırda akademiyada koordinator vəzifəsini icra edir. Müsahibəmizin sonunda A.Bağırov qeyd etdi ki, son 2 ildə bütün yaşlar üzrə milli komandaya dəvət olunan “Sumqayıt” futbolçularının sayı 20-ni keçib.
Hazırda “kimyaçılar”ın əsas komandasında çıxış edən Səbuhi Abdullazadə, Nihad Əhmədzadə, Sənan Muradlı, Vüsal Paşayev kimi futbolçular da “Sumqayıt” akademiyasının yetirməsidirlər.
Günay Xəlil