Bir ölkənin idman statistikasına nəzər yetirək: Medal sıralamasında 2-ci yerdə bitirdiyi yarışı 8 il sonra 24-cü pillədə başa vurur. 8 il sonra 21 qızıl medal qazandığı turnirdə 3 “qızıl”la kifayətlənir, öncələr 15 dəfə qızıl medal qazanmaq şansı əldə etmişdisə, bu göstərici günümüzdə 2-yə enir.

Söhbət Azərbaycanın III Avropa Oyunlarındakı performansından gedir. İlk dəfə Azərbaycanda keçirilən I Avropa Oyunları 2015-ci ildə Bakıda, 2019-cu ildə Minskdə (Belarus), 4 il sonra – 2023-cü ildə isə Polşada baş tutub. Bu il baş tutan yarışda ölkəmizin biabırçı çıxışından söz açmadan əvvəl əvvəlki iki yarışdakı nəticələrinə baxaq.
Azərbaycan I Avropa Oyunlarının medal sıralamasında Rusiyadan geri qalaraq 2-ci pillədə qərarlaşmış və çox uğurlu bir nəticə ilə yadda qalmışdı. 21 qızıl, 15 gümüş və 20 bürünc qazanan milli komanda ümumilikdə 56 medalla yarışı başa vurdu. Azərbaycan karate, güləş, taekvondo, cüdo, boks, qılıncoynatma, gimnastika, triatlon kimi növlərdə medallara yiyələndi.

Bundan 4 il sonra Belarusda baş tutan II Avropa Oyunlarını ölkəmiz 10-cu yerdə bitirdi. Yığma 5 qızıl, 10 gümüş və 13 bürünclə ümumikdə 28 medal qazandı. Qeyd etmək lazımdır ki, I Avropa Oyunlarında Azərbaycan 289 idmançı ilə iştirak edirdisə, Minskə 80 idmançıdan ibarət komandamız yollanmışdı. Buna görə də, 2019-cu ildəki Avropa Oyunları nəticəmizi müəyyən qədər uğurlu saymaq olar.

Uğurlu saymayacağımız nəticə isə bu il baş tutan III Avropa Oyunlarında qeydə alındı. 86 idmançının təmsil etdiyi Azərbaycan yarışı 3 qızıl, 2 gümüş və 6 bürünc medalla (ümumilikdə 11 medal) 24-cü pillədə başa vurdu. Vurğulanası məqam budur ki, bu il Rusiya və Belarus kimi ölkələr Avropa Oyunlarında iştirak etmirdi. I və II Avropa oyunlarında müvafiq olaraq, Rusiya 1-ci yerləri, Belarus isə 7 və 2-ci yerləri tutmuşdu. Medal qazanma şansının yüksəldiyi III Avropa Oyunlarında isə Azərbaycan cəmi 5 dəfə finala çıxıb, bunlardan 3-nü qələbə ilə başa vura bilib ki, hər üç idman növləri də qeyri-olimpiya idman növləridir (karate və kikboksinq).

Beləliklə, III Avropa Oyunlarındakı estafet ötürülür 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına. Görünən budur ki, Azərbaycan milli komandasının Tokyo-2020-dəki qızıl medal həsrəti hələ bir müddət də davam edəcək. Hazırkı gənclər və idman naziri Fərid Qayıbov və komandası üçün isə vaxt gedir... Boş torbadan “dovşan” çıxarmaq üçün bir az sehrə ehtiyacı var.

 

Günay Xəlil