Şuşa iki ildən çoxdur ki, düşmən tapdağından azad edilib, lakin şəhərin adını daşıyan komandaya (oxu: "Şuşa") Azərbaycan futbolunda yer tapılmır.

"Qarabağın incisi" adlandırılan şəhəri təmsil edən klub heç Birinci Diviziona da buraxılmır. Halbuki Vətən müharibəsində qazanılan tarixi zəfərdən qısa müddət sonra PFL-nin sabiq prezidenti Ramin Musayev "Şuşa"nın rəhbəri və baş məşqçisi Nadir Qasımova komandanı birbaşa Premyer Liqaya gətirəcəyi barədə söz vermişdi. Lakin üzərindən illər keçib və "Şuşa" nəinki elita, divizonda da çıxış etmir.

Nadir Qasımovun gileyi də bu yöndədir. Uzun illər Azərbaycan futboluna xidmət edən funksioner Offsideplus.az-a açıqlamasında bu məsələ haqda fikirlərini bölüşüb:

"Mən uzun müddətdir ki, I Diviziona müraciət edirdim. Əvvəllər də sponsor var idi, komandanı çempionata qaytarmaq istəyirdim. Şuşanı düşmən tapdağından azad etdiyimiz gün ölkənin hər yerində bayram ab-havası vardı. Uzun müddət idi ki, PFL-nin sabiq prezidenti Ramin Musayevlə əlaqə saxlamırdım, amma bu şad xəbər məni fərəhləndirdi. Yaşca böyük olduğuma görə, Ramin müəllimə zəng etdim, sağ olsun, cavab verdi. O, fikrimlə razılaşdı və bildirdi ki, çalışacaq, "Şuşa"nı birbaşa Premyer Liqaya gətirsin. Buna çox şad oldum.

AFFA-ya yaxınlaşıb, Elxan Məmmədovun qəbulunda olduq. Ona fikrimi bildirdim və razılaşdı. Lakin qeyd etdi ki, məsələni yeni baş katib Sərxan Hacıyevlə müzakirə edəndən sonra mənə cavab verəcək. "Onunla məsləhətləşək, bununla məsələhətləşək", - deyə-deyə bu söhbət çox ucuzlaşıb. Nazir müavininə kimi müraciət etmişəm. Klubu ərsəyə gətirənlərdən olan Azər müəllimlə birgə icra hakimiyyətində də olduq. Bizə söz verdilər ki, nə köməklik lazımdırsa, göstərərik. Sevindim ki, işim olacaq. Şuşada qələbə çaldığımız gündən döymədiyim qapı qalmayıb, amma nədənsə xoş xəbər eşidə bilmirəm".

Offside

Qasımov bu yaxınlarda yenidən AFFA və PFL-ə məktub ünvanlasa da, müraciətinin cavabsız qaldığını bildirib:

"Qazilərin komanda yaratdığını eşitdim. Onlarla bəhsə girmirəm, heç vaxt da girmərəm. Onlar bizim balalarımızdır. Bir müddət əvvəl iş adamı Misir Əbilovla birgə razılıq verdik ki, "Bakılı" komandasını götürək. Lakin oraya çox özündənrazı adamlar yığıldı. Baxmayaraq ki, futbol aləmində baş məşqçi işləyiblər. Vaqif Sadıqov bu gün Məşqçilər Şurasının sədridir. Yaxşı olardı ki, onlar mənə dəstək göstərərdilər, amma etmədilər. Dedilər ki, pul yoxdur. Bu gün dövlət tərəfindən pul buraxılır. Dedim ki, yaxşı, keçən il pul yox idi, məni "Şuşa" komandasından xaric etdilər. İndi dövlət pul verir, niyə istəmirsiz ki, "Şuşa" çempionatda olmasın, dəstəklənməsin?

Mən yenidən AFFA prezidenti Rövnəq Abdullayev və PFL rəhbəri Elxan Səmədovun adına məktub göndərdim. Müraciət etmədiyim yer qalmadı. Uzun illər AFFA ilə birgə işləmişəm, Azərbaycan futbolunda əməyim boş-boşuna gedir. Bir sualıma cavab versinlər ki, niyə "Şuşa" komandasını Azərbaycan çempionatına buraxmaq istəmirlər? Bu komandanı təmsil etdiyim qısa müddətdə "Şuşa" "Zirə", "Neftçala" komandaları səviyyəsində futbol göstərirdi və pula görə 8 il əvvəl Azərbaycan çempionatından uzaqlaşdırdılar. Əfsuslar olsun ki, bu gün "Şuşa"nı başladığı dəstəyə belə buraxmaq istəmirlər".

Daşqın Əziz