İki ay tamam olmamış, avrokuboklarda yeni mövsümə start veriləcək.
Hər mövsüm olduğu kimi, bu sezon da Azərbaycan klubları Avropa macərasına başlayacaq. Bütün diqqətlər isə yenə "Qarabağ"ın üzərində olacaq. Onuncu dəfə ölkə çempionu olan Ağdam təmsilçisi Azərbaycanı avrokubokların ən eliti sayılan UEFA Çempionlar Liqasında təmsil edəcək.
Bəs Azərbaycanın avrokuboklarda ən uğurlu komandası olan "atlılar" UÇL-ə necə hazırlaşır?
Bu mənada, ilk olaraq söhbət yeni transferlərdən gedir. Artıq Ramil Şeydayev və Filip Ozobiç qarabağlıların sıralarını tərk edib. Bununla yanaşı, Musa Qurbanlının da komandadan ayrılacağı gözlənilir. Azarkeşləri düşündürən isə "onların yeri keyfiyyətli oyunçularla doldurulacaqmı" sualıdır.
"Qarabağ" bugünlərdə yeni futbolçuyla gücləndi. Hələlik rəsmi olaraq açıqlanmasa da, Ağdam klubu "Zirə"nin sol cinah vingeri Hamidu Keytanı rənglərinə bağlayıb. Fransalı futbolçu stabilliyi ilə seçilir. O, "Qalatasaray"la xeyriyyə matçında "Qarabağ"ın formasını da geyinib. Düzdür, bir oyunla komandaya adaptasiya olması mümkün deyil. Lakin ən azından, Ağdam təmsilçisinin atmosferini görüb. 28 yaşlı vinger Abdullah Zubirlə eyni mövqedə oynayır. Maraqlıdır ki, Qurban Qurbanov bu təqdirdə hansı rotasiyanı edəcək. Nə isə, bu, baş məşqçinin planlarına daxildir.
Azərbaycanlı futbolsevərləri düşündürən əsas məqam isə avrokuboklar üçün daha güclü heyətin qurulub-qurulmayacağıdır. Maraqlıdır ki, "Qarabağ" bundan sonrakı transferlər üçün də yerli bazara üz tutacaq? Bu yaxınlarda redaksiyamıza məlumat daxil oldu ki, Ağdam təmsilçisi bu yay da yeni transferlər üçün çox pul xərcləməyəcək. Yəni, əksərən olduğu kimi, ortabab futbolçular alınaraq Qurban Qurbanovun sərəncamına veriləcək. Bəs bu təqdirdə "Qarabağ" Çempionlar Liqasında nəyə ümid edəcək? Transfer bazarında ənənəvi "simiclik" komandaya necə təsir edəcək?
Komandadan təcrübəli futbolçuların ayrıldığını/ayrılacağını, onların yerinə daha keyfiyyətli oyunçuların alınıb-alınmayacağının sual altında olmasını, "Qarabağ"ın ən yaralı yeri olan qapıçı problemini nəzərə alsaq, "atlılar" yenə Avropa macərasında nə edə biləcək? Yoxsa yenidən "üzüaşağı mod" olacaq?..
"Qarabağ" "kisə"nin ağzını açmasa, heyətə yaxşı əl gəzdirməsə, olacaqları təsəvvür etmək elə də çətin deyil...
Offsideplus.az