Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Millinin baş məşqçisi Canni de Byazi Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) oyunlarda aldığı biabırçı nəticələrə görə hesabat verib. Lakin federasiya rəhbərliyi yenə də 66 yaşlı italiyalı ilə "yola davam" deyib. Bir belə tənqiddən, hətta televiziya aləmində ilk dəfə AFFA rəsmiləri ilə media nümayəndələrinin geniş tərkibdə milyonlar qarşısında müzakirəsindən sonra da De Byazi postunda saxlanılıb.
Bu işim əmması olmaya bilməzdi. Deməli, "mediasport.az" saytında dərc olunan məlumata görə, apeninlinin müqavilə müddəti bitənədək millinin "sükanı arxasında" qalmasının səbəbi ona ödəniləcək olan kompensasiya məbləğində AFFA-ya güzəştə getməməsi olub. Yəni, De Byazi hesabat verdikdən (!) sonra bu barədə sözünü deyib və iclası vaxtından əvvəl tərk edib. Əsl avropalı kimi davranan yaşlı mütəxəssis ödəniləcək məbləğin bir manatından da keçmək fikrində deyil.
Beləliklə, məcburiyyət qarşısında qalan federasiya rəhbərliyi və İK üzvləri əlavə 1 saatlıq məşvərətdən sonra müqavilə müddətinin sona çatmasını gözləməkdən başqa çıxış yolunun olmadığına qərar verilib.
Göründüyü kimi, AFFA rəhbərliyi çıxılmaz durumda qaldığı üçün De Byaziylə anlaşmalı olub. Necə deyərlər, AFFA başını əməllicə bəlaya salıb...
Daşqın Əziz