Millimizin baş məşqçisi Canni de Byazi  Azərbaycana qayıdır.

 İtaliyalı mütəxəssis 13 aprel saat 10:00-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclasında Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələ matçlarında aldığı biabırçı nəticələrə görə hesabat verəcək. Çoxunuz xəbərdarsız ki, Avstriya (1:4) və İsveçlə (0:5) oyunlardan sonra De Byazi vətəninə yollanmalı olmuşdu. Onun 92 yaşlı qayınatası vəfat etdiyinə görə, italiyalı, milli komanda ilə Azərbaycana qayıda bilməmişdi. Bir sözlə, 66 yaşlı De Byazi Azərbaycan futbolunun "hüzründən" çıxıb, qayınatasının hüzrünə yetişmişdi...

Təcrübəli çalışdırıcı ölkəmizə qayıtmazdan əvvəl yenə azərbaycanlı futbolsevərləri qıcıqlandıracaq açıqlaması ilə diqqət çəkib. Belə ki, "napolimagazine.com"a danışan baş məşqçi, növbəti dəfə Azərbaycan millisinin Avstriya və İsveçlə matçlarda yaxşı təsir bağışladığını bildirib.

Sitat: "Sabah Azərbaycana qayıdacağam. Avstriya və İsveçə qarşı ilk 2 matçda uduzduq. Kifayət qədər yaxşı oynayırdıq. Fərqi İngiltərə Premyer Liqasında çıxış edən futbolçular yaradırdılar. Bizim futbolçular isə Azərbaycanda oynayırlar... Uduzmağa nifrət edirəm. Amma bu, ola bilər".

Digər fikirləri ilə hardasa razılaşırsan, amma yenə "yaxşı oynadıq" ifadəsini gördükdə dilə gəlməli olursan. Milli hər iki oyunun ilk dəqiqələrində yaxşı təsir bağışlaya bilər, amma bu rəzalətdən sonra "optimizm"ə qapılıb, publikanı özündən çıxarmaq..?

  De Byazinin İsveçə rüsvayçı hesabla uduzduğumuz oyundan sonra mətbuat konfransında səsləndirdiyi "əla oynadıq" ifadəsi sosial şəbəkələrin Azərbaycan seqmentində "trend"ə çevrildi. Azarkeşlər, media, bir çox keçmiş futbolçu - hər kəs onun bu ifadəsini əsas gətirərək, mütəxəssisi sərt tənqid atəşinə tutdu. Görünür, De Byazi yerli mətbuatda yazılanlardan xəbərsizdir. Buna görə də, yenə dediyini deyir.

Millinin "sükanı arxasına" keçəndən bəri normal oyun planı qura bilməyən italiyalı, Azərbaycan azarkeşinin əsəbi ilə oynamağı çox yaxşı bacarır. Belə baxanda, itirəcəyi bir şey də yoxdur. Müqaviləsi vaxtından əvvəl ləğv olunarsa, böyük məbləğdə təzminat alıb, birdəfəlik gedəcək...

Daşqın Əziz