Futbolda komandanın 12-ci futbolçusu azarkeşlərdir deyirlər. Güclü azarkeş dəstəyi məğlubiyyətə düçar komandaya yeni nəfəs bəxş edə, rəqib əcəlinin əllərindən alıb həyata qaytara bilər.
Azərbaycan milli komandası uzun illərdir ki, azarkeşləri özündən küsdürüb. Formanı geyinən futbolçularımızın əksəriyyətinin milli ruhundan bixəbər olması, beynəlxalq turnirlərdə ardıcıl uğursuz nəticələr kimi amillər sayəsində futbolsevərlər yığmanı özününkü olaraq qəbul etmir, coşqulu şəkildə yığmanı dəstəkləmir. Azərbaycan millisi turnirlərə ağ vərəqədən başlayarkən komandaya ilkin dəstəyini göstərən, uğurlar arzulayan tərəfdarların ümidləri bir neçə oyundan sonra yox olub, gedir.
Beləliklə, yığmamızın 12-ci futbolçusu azarkeşlər deyil...
Azərbaycan millisinin 12-ci futbolçusu şansdır. O, AVRO-2024-ün seçmə mərhələsinin ilk turu üzrə Avstriyaya qarşı oyunda dəfələrlə komandamızı xilas etdi. Əminliklə deyə bilərik ki, bu 12-ci futbolçumuz sözügedən matçda beynəlxalq təcrübəsi olmayan qolkiper, güvənilməsi mümkünsüz müdafiə, meydanda nə işə yaradığı bəlli olmayan yarımmüdafiə və hücum xəttinə nəzərən daha yaxşı oyun sərgilədi. Komandamızın şansı gətirməsəydi, 1:4 hesabıyla bitən biabırçı oyunda hesab arasındakı fərq daha yüksək olardı.
Son görüşdən sonra aydın oldu ki, baş məşqçisindən tutmuş, ekran qarşısında izləyən azarkeşinə qədər hamı meydandakı futbolçulardansa, ona daha çox güvənir. Nə qədər gec deyil, AFFA bu 12-ci futbolçunu da milliləşdirməlidir. Bəlkə növbəti oyunlarda şansımız gətirər...
Günay Xəlil