Təəssüf ki, son zamanlar narkotik aludəçilərinin ölüm xəbərləri olmadan günümüz keçmir.
Dövlətimiz bununla nə qədər mübarizə aparsa da, problem o qədər cəmiyyətimizdə kök salıb ki, fəsadlarını aradan qaldırmağa illər belə kifayət etməyəcək.
Koronavirus pandemiyasının başlanmasından sonra idman zalları və stadionlar qapandı. Virusun sürətlə yayılmasının qarşısını almaq üçün, nəinki Azərbaycanda, həmçinin dünyada da idmanla məşğul olan və olmaq istəyən insanlar, məcburiyyətdən vaxtlarını evdə keçirməli oldular. Psixoloqlar qeyd edirlər ki, evdə oturmağın insana təsiri böyükdür. Aktiv həyat tərzi keçirən şəxslərin evə qapanması, psixoloji cəhətdən bir çoxlarını “sındırdı”.
Peşəkar idmanla məşğul olanlar üçünsə bu, fəlakətə çevrildi. Daha çox məşhur olan idmançılar pandemiyanın fəsadlarından danışırdılarsa, yüzlərlə, minlərlər gənc və idmanda ilk addımlarını atanlar başqa fəaliyyətlə məşğul olmağa başladılar. Gənc və yeniyetmələrlə çalışan məşqçilər 2020-ci ildə bir çoxlarının idmanın “daşını atdıqlarını” qeyd ediblər.
İdman zallarının bağlı olmasının mənfi cəhətlərindən biri də gənclərin daha çox boş vaxlarının yaranmasına gətirib çıxardı. Psixoloji cəhətdən hələ həssas olan gənc və yeniyetmələrin, sonu ölüm olan bu yola qədəm qoymaları xəbərlərini, demək olar ki, hər gün saytlardan oxuyuruq.
Marifləndirmə nə qədər sürətlə getsə də, təəssüf ki, ölüm xəbərləri gəlməkdə davam edir. Bu yaxınlarda ağıqlıqqaldıma üzrə milli komandamızın üzvü Allahyar Abışovun “patı” deyilən narkotik vasitədən dünyasını dəyişməsi isə idman camiəsində şok effekti yaratdı və problemin hansı həddə gəlib çatmasını bizə göstərdi.
BMT-nin narkotik və cinayətkarlığa qarşı komissiyasının məlumatına əsasən, dünyada 275 milyon insan nə vaxtsa narkotik vasitə qəbul edib. Bu, dünyanın 5,6% əhalisi deməkdir. Yerli və beynəlxalq təşkilatların, dövlət komissiyalarının və güc strukturlarının marifləndirmə işləri aparmasına baxmayaraq, dünyada narkotiklərdən istifadə edən insanların sayı çoxalmaqdadır. Pandemiya isə vəziyyəti daha da gərginləşdirib.
Bir çox aparıcı ölkələrdə bununla mübarizə aparmağın yollarından biri insanları idmana cəlb etməkdir. “Sağlam bədəndə sağlam ruh olar” deyimini əsas gətirərək, hətta qonşu ölkələrdə belə reabilitasiya üçün idmana üstünlük verirlər.
İnanırıq ki, yaxın zamanlarda ölkəmizdə geniş yayılmış bu bəladan birdəfəlik qurtularıq. Hazırda idman zalların açılması, bir çox idman növündə uşaqların artıq məşqlərə qatılması, gənc və yeniyetmələrimizi narkotik vasitələrdən uzaq tutacağına ümid edirik.
Həmçinin, yaxın zamanda bununla mübarizə üçün təşkilatların daha fəal olmasına, idmanın orqanizmin reabilitasiyası üçün nə qədər vacib olduğunu anlamalarına ümid edirik və bu yöndə addımlar atacaqlarını gözləyirik.