Təyyarə təxminən 40 dəqiqə gecikirdi. Birbaşa Hayfaya yox, ilk olaraq Tel-Əvivə uçmağımız bir qədər bizi məyus etsə də, futbolçuların, məşqçilərin və klub işçilərinin üz ifadələrindən bunu sezmək mümkün deyildi. Yalnız Samir Abasov emosiyalarını gizlədə bilmirdi: Heydər Əliyev adına Beynəlxalq Hava Limanına daxil olan zaman artıq onun ağlında sabahkı qarşılaşmanın mümkün ssenarisindən başqa heç nə olmadığı açıq-aydın görünürdü.
Təxminən 3,5 saatdan sonra artıq Ben-Qurion Hava Limanına endik. Lazımi prosedurlardan keçdikdən sonra yenə də gözləməli olduğumuzdan xəbərimiz yox idi. Sən demə, İsrail uçuşdan bir neçə saat əvvəl verdiyimiz koronavirus testinin cavablarını tanımır və yalnız öz səhiyyə sisteminə etibar edir. Daha 1 saat davam edən ekspress-testdən sonra, nəhayət, açıq havaya çıxdıq və birbaşa Hayfaya yollandıq. Sürücümüz bacardığı (bildiyi) qədər ingilis dilində yolüstü şəhərlərdən, İsraildəki qanunlardan və son məntəqəmiz olan Hayfadan bizə məlumat verməyə çalışırdı. Hər yarım saatdan bir “çatmağımıza 20 dəqiqə qalıb” deyən sürücüyə inamımız artıq itmişdi. Həyatımın ən uzun “20 dəqiqəsi” (1 saat 48 dəqiqə) başa çatandan sonra Hayfa şəhəri üfüqdə görünməyə başladı.
Təəssüf ki, “Makkabi”nin baş məşqçisi Barak Baxarın mətbuat konfransına artıq çatmırdıq. Şəhərin ən yaxşı yerlərindən birində yerləşən hoteldə bir qədər dincimizi aldıqdan sonra həmin sürücü bizi “Sammi Ofer” stadionuna apardı - bu dəfə həqiqətən 20 dəqiqəyə.
Böyük və müasir stadiona baxdıqdan sonra bir daha Tofiq Bəhramov adına Respublika Stadionunun və “Bakcell Arena”nın ot örtüyü yadımıza düşdü və utandıq. Səhranın ortasında stadionu belə vəziyyətdə saxlamaq mümkündürsə… Nə isə, bu başqa müzakirənin mövzusudur.
Samir Abasov stadiona gələndən sonra daha da gərgin görünürdü. Buna baxmayaraq, Bakıdan təşrif buyurmuş 11 jurnalistin və İsraildən olan bir neçə fəal müxbirin suallarına təmkinlə, özünəməxsus tərzdə cavab verməyə çalışdı. “Bu matç bizim son şansımızdır” deyən “flaqman”ın baş məşqçisi, çempion komandanın hətta UEFA Konfrans Liqasının qrupundan belə kənarda qalmaq ehtimalını ağlına gətirirdi. “Qarabağ”ın “Aberdin”i keçmək variantını düşünüb, mümkün məğlubiyyətin son çempiona və şəxsən Abasova nə qədər təsir edəcəyini, təzyiq və tənqidlərin haradan və kimlərdən gələcəyini də bilir və anlayırdı.
Son Premyer Liqa matçında əsas futbolçuların meydanda olmamasına baxmayaraq, digərlərinin 20-30 dəqiqə oynaması baş məşqçini bir qədər ümidləndirsə də, Yusuf Lavalın matçı buraxması da bir o qədər düşündürürdü.
Stadion haqqında danışdıqsa, rəqib komandanın diqqət və nəzakətini də vurğulamamaq düzgün olmaz. Azərbaycandan gələn hər bir media nümayəndəsinə klub tərəfindən xatirə hədiyyəsinin verilməsi çox xoş sürpriz oldu. İllər öncə Tbilisidə azarkeşlər tərəfindən başıma dəyən alışqandan tutmuş, son olaraq həmkarlarımızın Helsinkidə başlarına açılan “oyun” yadıma düşdü və bir daha İsraildə bizə olan xoş münasibətə əmin oldum. Bu dəfə əyani surətdə.
Daha bir təəccüblü məqam isə mətbuat konfransından öncə “Makkabi” formasında olan bir gəncin bizə yaxınlaşıb “Salam, necəsiniz? Necə gəldiniz?” sualını eşitmək oldu. Tər-təmiz Azərbaycan dilində bu sözləri David Liberman adında insanın deməyi isə təəccübümüzü bir neçə dəfə artırdı. Amma hər şey daha bəsit imiş: Davidin əsl adı Caviddir. Liberman isə əslən yəhudi alan anasının soyadı imiş. Azərbaycanda doğulub-böyümüş Cavid Tel-Əvivdə yaşayır və sırf bu oyunda tərcüməçi vəzifəsini yerinə yetirmək üçün bir neçə saat yol gəlib. Başqa şəhərdə yaşamasına baxmayaraq, David konfransdan sonra bizə yaxınlaşdı və əlindən gələn köməyi etməyə hazır olduğunu söylədi.
Konfransdan və şam yeməyindən sonra qalan vaxtımızı isə şəhərlə tanışlığı həsr etdik. Heç bir xüsusi karantin qaydası olmayan ölkədə, pandemiya haqqında danışan yoxdur. Kafe və restoranlar açıq, gecə klubları isə tam olaraq dolu idi. Amma… hətta açıq havada bir fincan qəhvə içmək istəyirsinizsə, COVID-19 pasportunuzu göstərməlisiniz.
İsraildə Azərbaycan və azərbaycanlıları sevirlər. Bunu şəhərdəki avtobus sürücülərindən tutmuş, yol soruşduğumuz adi insanlar belə hiss etdirirlər. Bəzi ölkələrdəki kimi “Azərbaycan haradır?” sualını burada heç kimə sizə verməz. Lakin sevgi bu gün meydanda öz yerini peşəkarlığa verəcək.
Əldə etdiyimiz məlumata görə, 30 minlik stadion tam olaraq dolmalıdır. “Makkabi”ni dəstəkləməyə gələnlər üçün biz dost ölkənin klubu yox, rəqib olacağıq. Samir Abasovun “Bu, bizim son şansımızdır” sözləri eyni ilə rəqib üçün də keçərlidir. Əminliklə demək olar ki, onlar da bu faktı hər gün, hər saat təkrar edirlər.
Bizə isə yalnız ümid etmək qalır. Uzun illərdən sonra avrokuboklarda iki klubla təmsil olunmağa çox yaxınıq və inanaq ki, hər iki klubumuz - “Neftçi” və “Qarabağ” bu vəzifənin öhdəsindən gəlməyi bacaracaqlar.
Davamı olacaq…
Murad Axundov
Bakı - Hayfa