"Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis "Dinamo"su ilə qarşılaşacaq.
Qonşu ölkənin çempionu ilə Azərbaycanın qızıl mükafatçısının duellərinin nə ilə yadda qalacağını zaman göstərəcək. İndiki məqamda bizi maraqlandıran əsas sual "Dinamo"nun hazırkı durumu, yəni hansı gücə sahib olmasıdır.
Bu baxımdan yaxın keçmişdə Gürcüstanın yüksək dəstəsində "Samtredia"nın şərəfini qorumuş azərbaycanlı futbolçu Nicat Qurbanovun fikirləri faydalı ola bilərdi. Bu məqsədlə "Keşlə"nin yarımmüdafiəçisi ilə əlaqə saxlayıb, Gürcüstanın son çempionu ilə bağlı fikirlərini öyrəndik. Nicat Offsideplus.az-a açıqlamasında "Neftçi" haqda inamlı danışdı: "Bəli, ötən mövsüm "Dinamo"ya qarşı oynamışdım. Lakin bir oyunda forma geyinmək şansım olmuşdu, digərində zədəli idim. "Dinamo" Gürcüstanın flaqmanıdır və hansı vəziyyətdə olmasından asılı olmayaraq rəqiblər bu komandaya hörmətlə yanaşır, işin ciddiliyini anlayır.
Oyun üslubları haqda uzun-uzadı nəsə deməyim artıq olar. Çünki baş məşqçi dəyişikliyi olub və komandanın hazırkı baş məşqçisi hamımızın yaxından tanıdığı və oyun üslubuna bələd olduğu Kaxaber Tsxadadzedir. Onun necə futbol oynatdığını Azərbaycan futbolu ilə maraqlanan stajlı azarkeşlər bilir. 3 gün əvvəl "Samtredia" ilə çempionat oyunlarına baxdım. 2:0 hesabı ilə qalib gəldilər. "Dinamo"nun oyununda Kaxanın "əli" hiss olunurdu. Yeni hücumçu ilə gücləniblər, xoşuma gəldi (Zoran Maruşiç - red.).
Fikrimcə, "Neftçi" üçün kifayət qədər uğurlu rəqibdir. Düzdür, Gürcüstanda çempionat davam edir, futbolçular oyun təcrübəsi və fiziki baxımdan əziyyət çəkmir. Ancaq yenə də "Neftçi" bu gün onlardan güclüdür. Nədə? Futbolçuların səviyyəsində, oyun planında. Rəqibə hörmətlə yanaşmaq borcumuz olsa da, "Neftçi"nin "Dinamo"dan güclü olduğu və mərhələni adlayacağını deməliyəm. Batumi və Tiflis "Dinamo"ları Gürcüstanda hər nə qədər güclü görünsələr də, "Neftçi" və "Qarabağ" səviyyəsində deyillər".