"Keşlə”dən ayrılan Vaqif Cavadov müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Tərlan Əhmədovun onun haqqında söylədiklərinə münasibət bildirmək istəməyən futbolçu digər məsələlərə də toxunub.
- “Keşlə”dən ayrılmağın dəqiqləşdi?
- Demək olar ki, hə. Böyük ehtimalla yollarımızı ayıracağıq. “Keşlə” rəhbərliyi ilə danışdıq, məsələyə son qoyduq. Hələ müqaviləyə rəsmi olaraq xitam verilməyib. Amma yaxın günlərdə hər şey rəsmiləşəcək.
- Düşünürsənmi ki, “Keşlə”də sənə qarşı haqsızlıq oldu?
- Futbol həyatı belədir. Burada nəyisə demək artıq olar. Bu dönəmdə nəsə danışmağa ehtiyac yoxdur.
- Hazırda “Keşlə”də sənin mövqeyində çıxış edən futbolçular səndən güclüdür?
- Buna baş məşqçi qərar verib. Mən nə deyə bilərəm? Desəm ki, yox, məşqçi deyər ki, mənim üçün elədir. Həm meydandakı oyunum, həm də nəticələr bunu təsdiqləyib.
- Yenidən Türkiyədə oynamaq variantının olduğu deyilir. Bu, nə dərəcədə realdır?
- Bu barədə açıqlama vermək istəmirəm. Çünki real olmasa, sonra deyəcəksiniz ki, Vaqif özünü reklam etmək istəyir.
- Yeni klubun nə vaxt dəqiqləşər?
- Açığı, ola da bilər, olmaya da. Bəlkə sabah oldu, çıxdım getdim. Bəlkə də alınmadı, 2-3 ay futbolsuz qaldım.
- Belə bir xəbər də yayılmışdı ki, Region Liqasında mübarizə aparan və Vüqar Nadirovun da çıxış etdiyi “Bakı” klubunda oynaya bilərsən...
- Yox, elə bir şey ola bilməz.
- Yəni, deyirsən ki, futbolsuz qalarsan, amma həvəskar liqaya getməzsən.
- Mən elə söz demərəm. Çünki mənim dostlarım da orada oynayır. Hərənin bir ehtiyacı var. Hər bir futbolçu 1 manat da olsa, halal zəhməti ilə çörək pulu qazanıb, evinə aparır. Ona görə də belə söz deyib, onların xətrinə dəyə bilmərəm. Futboldur, həyat davam edir. Hərənin öz fikri var və bununla da yaşayır.
- Bəs birinci diviziondan təklif gəlsə, orada oynayarsan?
- Yox, hazırda oynamaram. Ümumiyyətlə, mənə Azərbaycan klublarından təklif yoxdur. Məncə, xaricdə oynasam, daha yaxşı olar.
- Tərlan Əhmədov dünən mətbuata müsahibəsində səninlə bağlı bəzi fikirlər səsləndirib. Bildirib ki, səni o vaxt AZAL-a xahişlə götürüb. Baş məşqçinin haqqında söylədiyi sözlərə münasibətini bilmək istərdim.
- Onun barəsində danışmaq istəmirəm. Dünən bununla bağlı müsahibə vermişəm. Yeni həmin mövzuya qayıtmaq istəmirəm. Çünki kiməsə mətbuat vasitəsilə nəsə demək xoş deyil. Onun da, mənim də dostlarım var. Futbol adamları, ümumiyyətlə, hamı bilir ki, kim kimdir. Artıq bu barədə danışmağın mənası da yoxdur. Mən sözü bir dəfə deyirəm. Ümid edirəm ki, son olar. Amma nəsə olsa, ondan sonra danışarıq. Hələ ki, mətbuat vasitəsilə onun haqqında danışmaq istəmirəm.
- Dünənki məsələdən sonra Tərlan müəllimlə görüşüb, üzbəüz danışdınız?
- Yox, mən onunla niyə görüşməliyəm? Hər adamın öz fikri var. Bu da onun fikridir. Amma yanlışdır. Sübutları da var. Həyat davam edir. Kimin nə sözü var, telefonum həmişə açıqdır.
- Bundan əvvəl də Tərlan Əhmədovun rəhbərliyi altında oynamısan. Bəlkə, həmin vaxt aranızda nəsə olmuşdu. Çünki Tərlan müəllimin gəlişindən sonra “Keşlə”də ehtiyatda qalırdın.
- Bizi tanıyanlar hamısı bilir ki, aramızda heç nə olmayıb. Bu sualı ona versəniz, daha yaxşı olar. Mənim futbol aləmində heç kimlə pis münasibətim olmayıb. Həmişə nə varsa, onu demişəm. Hamı bilir ki, kim kimdir. Ona görə mən həmişə hər şeyə açığam.(Qol.az)