İngiltərə nəhəngi “Mançester Siti” heyətində böyük dəyişikliklərə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, klubun əsas ulduzlarından biri olan Kevin De Bruynenin mümkün ayrılığı fonunda “şəhərlilər” artıq onun yerini doldura biləcək futbolçu axtarışındadır.

“Siti” rəhbərliyi “Nyukasl Yunayted”in yarımmüdafiəçisi Bruno Gimarayşi yenidən transfer hədəfinə alıb. Daha öncə də adı “Mançester Siti” ilə hallanan 26 yaşlı braziliyalı futbolçu De Bruynenin boşluğunu doldurmaq üçün əsas namizədlərdən biri hesab olunur.

Pep Qvardiolanın sisteminə uyğun oyun tərzinə sahib olan Gimarayş bu mövsüm “Nyukasl”ın aparıcı oyunçularından biri kimi çıxış edir. Onun orta sahədə top saxlamaq, ötürmələr vermək və müdafiə ilə hücum arasındakı balansı qorumaq bacarığı “Siti”nin oyun fəlsəfəsinə tam uyğundur.

Məlumata görə, “Mançester Siti” yaxın həftələrdə rəsmi danışıqlara başlaya bilər. Bruno Gimarayşın “Nyukasl”la olan müqaviləsi 2028-ci ilə qədər davam etsə də, klauzulasında müəyyən məbləğ qarşılığında transferinə icazə verilməsi qeyd olunub. Bu məbləğin təxminən 100 milyon funt sterlinq olduğu bildirilir.

Qeyd edək ki, Bruno Gimarayş "sağsağanlar"ın heyətində bu mövsüm bütün turnirlər daxil olmaqla 39 oyunda iştirak edib. Onun aktivində 3 qol və 8 məhsuldar ötürmə var.