İngiltərə Premyer Liqasının ulduzlarından olan Kevin De Brüyne maraqlı açıqlamalarla yadda qalıb.

Belçika millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi illər öncəni yada salaraq "Çelsi"də başına gələnlərdən danışıb.

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, məşhur sima 2012-ci ildə "Çelsi"də cəmi 3 oyuna çıxdığına görə Joze Mourinyonu günahlandırıb: "Mourinyo ilə münasibətlərim haqda mətbuatda çox yazılıb. Lakin mənim onunla iki dəfə söhbət etmək imkanım olmuşdu. Və hər iki halda başqa kluba icarəyə verilməyimin tərəfdarı olduğunu hiss etmişdim. Dekabrda məni otağına çağırmışdı. Qarşısında müxtəlif kağızlar vardı və həmin vərəqlərdən birini əlinə götürüb dedi: "1 ötürmə, 0 qol, 10 top itkisi". Nə demək istədiyini anlamaq üçün mənə 1 saniyə kifayət etdi. Ardınca digər yarımmüdafiəçilərin - Villian, Oskar, Mata və Şürrlenin statistik göstəricilərini saymağa başladı: "Bax, 5 qol, 10 ötürmə,...". Artıq cavab vaxtının yetişdiyini anladım: "Adlarını çəkdikləriniz bu göstəricilərə 15-20 oyunda nail olub, mənsə 3 matçda şans qazanmışam. Belə olduqda şəxsi göstərici də aşağı düşür, deyilmi?

Futbol oynamaq istəyirdim, eyni zamanda komandada lazımsız olduğumu hiss edirdim. Bir yol qalmışdı, "Çelsi"ni tərk etmək. Həmin dönəm karyeramın ən uğursuz hissəsidir. Lakin heç vaxt özümü günahlandırmırdım. Ağ kağızdan da təmiz olduğumu bilir, futbolçu bacarığıma bələd idim. Sadəcə, Mourinyo mənə lazım olan şansı vermədi". 

Qeyd edək ki, 2015-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan Kevin, bu komanda ilə 9 titul qazanıb.