5 il əvvəl Cek Qriliş İngiltərə futbolunda sıradan bir ad idi.
Hələ gənc yaşlarında istedadı ilə xoş gələcək vəd etsə də, intizamsızlığı və bacarığından tam istifadə etməməsi potensialını tam açmağa imkan vermirdi. Çoxlarının ağlına gəlməzdi ki, günlərin birində bu pleymeyker yetişdiyi “Aston Villa”nın heyətində Premyer Liqada sözün əsl mənasında “at oynadacaq”.
2014-15 mövsümündə Cekin cəmi 19 yaşı vardı. Buna baxmayaraq, şərəfini qoruduğu “Aston Villa” ilə İngiltərə kubokunun finalına qədər irəliləməyi bacarmışdı. Həm də yarımfinalda “Liverpul” kimi rəqibi üstələməklə. Yeri gəlmişkən, Qriliş elə o dönəmdə haqqında xoş fikirlər formalaşdırmışdı.
Növbəti mövsümdə Cek yenə komandasının ən yaxşılarından olsa da, “Aston Villa”nın Çempionşipə yuvarlanmasının qarşısını ala bilməmişdi. Gənc futbolçunun “elçi”lərinin sayı durmadan artır, o isə bir az da “artırmaq” əvəzinə intizamsız əməlləriylə gündəmə gəlirdi. Ad-san başını gicəlləndirmişdi.
2015-in payızında 20 yaşlı gənc baş məşqçi Remi Qardın qəzəbinə tuş gəlmişdi. Klubun tətbiq etdiyi rejimə uyğun addım atmalı olan Cek gecəni səhərə qədər klubda keçrmiş, dostları ilə doyunca əylənmişdi. Həm də hansı gecə? “Aston Villa” “Eeverton”a 0:4 hesabı ilə darmadağın olan gün. Baş məşqçi futbolçuya 10 gün bazadan çıxmamaq cəzası vermiş, üstəlik, pul cəriməsi kəsmişdi.
Cəmi 1 il sonra, bu dəfə 2016-nın sentyabrında Qriliş polis bölməsinə aparılmışdı. Dostları ilə Birmingemdəki otellərin birində məclis quran futbolçu qonşu otaqlardakı qonaqları vecə almadan istədiyini edib, mehmanxanada evindəymiş kimi hərəkətlər edirmiş. Qeydiyyat şöbəsindən edilən xəbərdarlıqlara məhəl qoymadıqda isə qarşısında “poqonlular”ı görmüşdü.
Baş məşqçilərin və klub rəsmilərinin “dünənki uşaq”la bacarmadığını görən klub prezidenti Toni Sya özü məsələyə müdaxilə edir. Klubdaxili iclas keçirir, Qrilişə hər kəsin gözünün qabağında “dişinin dibindən çıxanı” deyir, hətta onu futboldan birdəfəlik uzaqlaşdıracağı ilə hədələyir. Bu silkələnmə ilə sonradan ulduza çevriləcək futbolçu “yuxudan ayılır”.
Rejim və intizam qaydalarına riayət edir, dostlarla münasibəti mümkün qədər kəsir, bütün fikrini karyerasına yönəldir. Qeyri-sabit oyun göstərən, ipə-sapa yatmayan futbolçu İngiltərə futbolunun ən parlaq simalarından birinə çevrilir.
Cekin ən böyük üstünlüyü qeyri-adiliyidir. Meydanda hansı funksiyanı yerinə yetirdiyi, hansı an nə edəcəyi bilinmir. Məsələn, “Mançester Siti”də Kevin De Brüyne topu alıb daşımaqla məşğuldur, Raxim Sterlinq isə sürətli keçidləri ilə ad çıxarıb. “Mançester Yunayted”də Bruno Fernandeş top saxlayır, ötürmə üçün boş zonalar axtarır, Markus Reşford rəqiblərin üzərinə gedir, təkbətək mübarizələri sevir, öldürücü zərbələri var. Yəni adları çəkilənlərin hər birinin funksiyası məlumdur.
Qriliş başqa aləmdir. Texniki parametrlərinə görə Pol Poqbayla bənzərliyi olsa da, fransızdan fərqli olaraq daha çox hərəkət edir və sürətlidir. Odur ki, MY ilə “Siti”nin Ceki heyətində görməyi arzulaması boşuna deyil. Xaricdən də kifayət qədər maraqlananlar var: “Barselona”, “Yuventus”, “Milan”, PSJ, “Bavariya”...
Cari Premyer Liqa mövsümündə Cekin performansı göz oxşayır. “Aston Villa”nın yarımmüdafiəçisi 18 dəfə keçid etdikdən sonra qapıya zərbə vurubsa, 23 dəfə keçidlərini komanda yoldaşlarına ötürmə ilə tamamlayıb. Bu isə o deməkdir ki, topla keçidləri sayəsində rəqib qapıları qarşısında 41 təhlükəli vəziyyətin yaranmasına səbəbkar olub. Bu göstəricidə əsas rəqibləri olan Reşfordun hesabında 30, Mahrezin isə 23 belə keçid var.
Driblinqləri də möhtəşəm alınır. 43 dəfə sırf driblinqi hesabına rəqiblərindən sıyrılmağı bacarıb. Bu göstəricidə Premyer Liqada üçüncüdür.
Qol vəziyyəti yaratmaq baxımından Bruno Fernandeşlə Kevin de Brüyneni üstələyir. Cek 51 dəfə real qol imkanı yaratdığı halda, Bruno 47, Kevin 42 dəfə diqqət çəkib.
Sonda bir maraqlı faktı da diqqətinizə çatdıraq. UEFA Millətlər Liqası çərçivəsində noyabrda İngiltərə ilə Belçika arasında baş tutan oyundan sonra de Brüyne Qrilişə yaxınlaşaraq futbolkalarını dəyişməyi təklif etmişdi. Əlavə şərhi ehtiyac varmı?
P.S.: Cek Qrilişin "transfermarkt"dəki transfer dəyəri 50 milyon avro göstərilib.