Portuqaliyalı ulduzun 2003-cü ildə hələ ilk dəfə Avropa klubları tərəfindən kəşf edilən vaxtlarında "Arsenal" klubuna mümkün transferi bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "topçular"ın sabiq baş məşqçisi Arsen Venger məlumat verib. Hazırda FİFA-da çalışan mütəxəssis, "Mançester Yunayted" transferindən öncə Kriştiano Ronaldonun "Arsenal"a qatıla biləcəyini qeyd edib.
"Müqavilə bağlayacağımız futbolçulardan biri, bəlkə də ən mümkünü Ronaldo idi. "Sportinq" klubu ilə müqaviləmiz vardı, Kriştiano ilə nahar da etmişdik. Hətta anası da stadiona məşqlərə gəlmişdi. Lakin "Mançester Yunayted" Karlos Keyruşu baş məşqçi köməkçisi kimi işə götürdü və ardınca da Ronaldonu transfer etdilər. Bizim isə müqaviləmiz vardı, "Arsenal" forması portuqaliyalının əllərində idi!", - deyə sabiq baş məşqçi bildirib.