Kilsədəki insan müharibə meydanındakı kimi hərəkət etmir. Oyunları bir kənara qoysaq, Arsen Venger soyuqqanlı insandı. Dostluğu yaxşıdı, maraq dairəsi geniş olduğu üçün əla söhbət ortağıdı. Şərab və digər mövzular haqqında asanlıqla danışmaq olar. UEFA-nın iclaslarında digər məşqçilərə kömək etməyi özünə börc bilir. Bizim peşənin işinə bağlı insanlarından biri də odu. Ancaq mövzu "Arsenal” olanda – yəni matç günləri – Arsen tamamilə fərqli insana çevrilir.

 

Əslində, həmişə Vengeri yaxşı başa düşdüyümü düşünmüşəm. Hakim fiti çaldığı anda onda baş verən ani dəyişiklikləri anlaya bilirəm. Mənim içimdə də elə biri var idi. Arsenlə ortaq xüsusiyyətimiz varsa, o da hər ikimizin məğlubiyyətə nifrət etməsidi. "Sent Mirren”də işləyəndə "Reyt Rovers”ə uduzduğumuz bir oyundan (bizi darmadağın etmişdilər) sonra rəqibin baş məşqçisi Bert Patonun əlini sıxmamışdım. Halbuki "Danfermlin”də oynayanda o, mənim ən yaxın dostum idi. Berti arxamca qaçıb gileylənmişdi. Eh, bəzən səhv etdiyimizi anlamaq üçün kiçik dərslərə ehtiyacımız olur. Mən həmin gün yanlış hərəkət etmişdim. O hərəkət həyatın futboldan daha önəmli olduğuna dair kiçik bir xəbərdarlıq idi.

 

Bir müddət sonra Arsenlə dostyana münasibət qura bildik. İkimiz də uzun müddət idi ki, çalışırdıq və bir-birimizin gözəl futbol oynatmaq barədə cəhdlərinə hörmətlə yanaşırdıq. Ancaq illər ərzində bəzən aramızda ixtilaflar olduğunu dana bilmərəm. Arsenin mənim təqvimdən narazı olmağımla bağlı şikayətləri hər şeyin başlanğıc nöqtəsi idi. Mən də hiyləgər həmləmdən qalmamışdım. Açıqlamalarımdan birində demişdim: "Yaponiyadan təzə gəlib, bura haqqında nə bilir ki?” Əslində, dediklərimdə doğruluq payı var idi.

 

Növbəti iki ildə təqvimin sıxlığından şikayət etmə növbəsi Arsenə çatmışdı. Qıraqdan gələn və bir mövsüm ərzində 55 matç keçirə biləcəyini düşünən xarici baş məşqçi ancaq özünü aldadır. Bunun başqa açıqlaması yoxdu. Axı biz olduqca zəhmətli və insanın enerjisini alan çempionatdan danışırıq. Ona görə də, müasir futbolda ağırlığı eyni ölçüdə paylaşdırmaq üçün heyətiniz geniş olmalıdı. Arsen də zamanla bu kültürə adaptasiya olmağı öyrəndi. Nəticədə, şənbə - çərşənbə - şənbə qrafikinə görə yaşadığı problemlərin öhdəsindən gələ bildi.

 

Arsen "Arsenal”ın başında "Old Trafford”da çıxdığı ilk matçdan sonra ofisimə gəlmişdi. Başlanğıcda münasibətlərimiz qaydasında idi. Ancaq yaxşı heyətə sahib olduqları bir oyunda uduzdular və ardınca problemlər başladı. Səhvin öz komandasında olduğunu qəbul etmir, günahı rəqibin üzərinə atmağa çalışırdı. Bunu tez-tez edir. Bir o qədər də bəhanəni fiziki sərtliklərin üzərinə atmağı sevir. Fiziki müdaxilələrlə bağlı fikir bildirəndə bəzən hətta topa müdaxiləyə belə, qarşı çıxırdı. Ağlında elə bir düşüncə formalaşdırmışdı ki, heç kim onun oyunçularına toxuna bilməz.

 

Bununla belə, onun formalaşdırdığı gözəl heyətləri izləməkdən zövq alardım. Arsenin komandalarına tamaşa etməyi həmişə sevmişəm. Onlara qarşı oynamaq xüsusi çətinlik demək idi. Ona görə də, bu mövzu haqqında saatlarca baş yorardım. Sanki "Arsenal”ın hər şeyini analiz etməyə məcbur idim. Ancaq özümə haqq qazandıra bilərəm. Onlar meydanda diqqətə alınması zəruri olan bir neçə təhlükəli gedişə əl atardılar. "Çelsi” ilə oynayanda da fərqli problemlərin öhdəsindən gəlməli olurduq. Belə deyim: "zadəganlar”la matçlarda hər cür futbol hiyləsini bilən təcrübəli oyunçulara qarşı oynamaq məcburiyyətində idik. Digər tərəfdən, "Arsenal” həmişə təmiz oynayardı.

 

Vengerin ilk illərində komanda cəzalar baxımından tarixinin ən bərbad dönəmlərindən birini yaşayırdı, ancaq onlar üçün əsla "pis niyyətli komanda” və ya "pis niyyətli oyunçular” xitablarını işlədə bilmərik. Yeri gəlsə, Stiv Bould və Toni Adams adamın başına itin oyununu aça bilərdilər və hər kəs də bunu yaxşı bilirdi. Həmişə arxadan müdaxilələr edərdilər. Sadəcə, məğz etibarı ilə Arsenin komandaları əsla pis məram güdməzdilər. Onları "hər an partlayışa hazır komanda” kimi təsvir etmək daha məqsədəuyğun olardı. Ardınca Patrik Vieyranı heyətlərinə qatdılar. O, sonadək didişən, mübariz biri idi. Naycel Uinterbörn isə sevimli biri deyildi, elə həmişə sərt oynayardı. Arsenin ilk dönəmindəki hücumçuları İan Rayt da çirkin davranışları ilə tanınan biri idi.

 

Arsen 2010-cu ildə Pol Skoulz haqqında tənqidlər səsləndirmiş, jurnalistlərə onun pis cəhətlərindən bəhs etmişdi. Oyunçularımdan biri haqqında bu formada danışmağına heç bir səbəb yox idi. Nə həmin həftə "Arsenal”la matçımız var idi, nə də aramızda hansısa problemdən söhbət gedə bilərdi. Pol Skoulzun həmin tarixdə 10 Premyer Liqa çempionluğu və 1 Çempionlar Liqası titulu var idi. Arsen isə onun "pis cəhətləri”ndən bəhs edirdi. Təəccüblü məqam idi.

Baş məşqçilərin hər şeyi gördüklərini iddia etməsəm də, bir çox şeyi gördüyümüzü deyə bilərəm. Ona görə də, Arsenin bir matçdan sonra özünü müdafiə etmək üçün "Filan hadisəni görmədim” deməyi mənim üstünlük verdiyim üsullardan biri deyil. Mən daha çox "Epizoda bir də baxmalıyam” deməyi sevirəm. Prinsip etibarı ilə mesaj eyni olsa da, bu formada demək sizə zaman qazandırır. Çünki ertəsi gün, ya da qısa müddət ərzində orada olub-bitənlərin bu formada köhnə xəbər olmaq ehtimalı daha yüksəkdi. O qədər çaxnaşma içərisində zamanla diqqətləri özünüzdən uzaqlaşdırmağı öyrənirsiniz.

 

"Arsenal”ın baş məşqçiləri arasında ilk üz-üzə gəldiyim Corc Qrem idi. 1989-cu ilin çempionat qalibini müəyyənləşdirəcək matçı yuxarı mərtəbədə, yataq otağımda izləyirdim. Kesiyə demişdim ki, zəng edən olsa, deyərsən işi var. Maykl Tomas "Liverpul” qarşısında "Arsenal”a çempionluğu gətirən qolu vuranda özümdən çıxmışdım. İki il sonra, yəni Kubok Qalibləri Kubokunu qazandığımız il "Arsenal” bizi 3:1 məğlub edərək bir daha çempion oldu. Bir dəfə "Hayböri”də oynadığımız matçdan sonra Corcla söhbət etmək imkanımız olmuşdu. Əla malt viski kolleksiyası var idi. Bir qədəh təklif etsə də, viski içmədiyimi dedim. Ardınca Corc mənim üçün şərab açdı və aramızda belə bir dialoq yaşandı:

 

- Qonaqlarına hansı malt viskilərdən verirsən?

- Heç birini. Heç kimə malt təklif etmirəm. Burada qarışıq "Bell’s” varımdı.

- Tipik şotlandiyalısan.

- (gülərək) Bura mənim zibilliyimdi.

 

"Old Trafford”dakı ilk qarşılaşmamızın müharibədən bir fərqi yox idi. Matçdan sonra ortaq dostlarımızdan biri Corcu ofisimə dəvət etmişdi. O zamanlar onun çalışdırdığı "Arsenal”a qarşı mübarizə aparmağın necə çətin olduğunu sözlə izah edə bilmərəm.

 

Brüs Rioxun qısamüddətli "Arsenal” karyerasından sonra post Arsenə tapşırıldı. Onun haqqında heç bir məlumatım yox idi. Bir gün Erik Kantonadan soruşdum: "Venger necə biridi?” "Məncə, çox müdafiə futbolu oynadır”, – deyə cavab verdi. Öz-özümə düşündüm ki, lap yaxşı. Əslində, Arsen "Arsenal”dakı işinə müdafiə beşlisi ilə başlamışdı. Ancaq indi geriyə dönüb onun komandalarına nəzər salsaq, müdafiə təməlli komanda qurduğunu bir an belə olsun ağlınızdan keçirməzsiniz. Erikin o sözləri yadıma düşəndə hələ də gülürəm.

 

90-ların sonunda və yeni millenniumun ilk illərində bizim rəqibimiz "Arsenal” idi. Üfüqdə başqa rəqib görünmürdü. "Liverpul” və "Nyukasl”ın qısamüddətli də olsa, iddialı olduqları dönəm var idi. "Bləkbörn” bir mövsüm çempion oldu. Ancaq "Rovers”in uğurlarının daimi olmayacağını bilirdik, çünki onlar müntəzəm uğurları sıralayacaq qədər keçmişə sahib deyildilər. Yəni Joze Mourinyunun "Çelsi”yə təyinatından əvvəlki tarixə nəzər salsaq, "Arsenal”dan başqa bizim üstünlüyümüzü daimi təhdid edəcək rəqib yox idi. Onlarla uzun müddət davam edən rəqabətə girəndə "topçular”ın parlaq keçmişindən və güclü xarakterindən xəbərdar idik.

 

"Arsenal”ın soyunub-geyinmə otaqları möhtəşəmdi. Sıfırdan yeni stadion inşa etməyin üstünlükləri olduqca çoxdu. Sanki bəyaz bir səhifə açırsınız. "Arsenal”ın soyunub-geyinmə otağında hər detala xüsusi yer verilməsi Arsenin diqqətcilliyinin nəticəsidi. Bir futbol klubunun ehtiyacı olduğu hər şey orada var. Otağın ortasındakı, mərmərlə örtülü masanın üzərinə müxtəlif növ yeməklər qoyardılar. Matçdan sonra hər kəs ora hücum çəkərdi. Bu da elit səviyyədə olmağın bir başqa göstəricisidi. Texniki ştab üçün isə ayrıca hissə var idi.

 

Beləcə, "Arsenal”ın rəqabət şəraitində təklif etdiyi yüksək keyfiyyət haqqında fikirləşməkdən heç imtina etməzdim. Bizim kimi, tarix onlara da yardımçı oldu və doğru baş məşqçini tapa bildilər. Həmişə Arsenin doğru isim olduğunu düşünmüşəm. İngiltərədə komanda çalışdırmaq fürsəti əldə etdikdən sonra burada məskunlaşmaqda qərarlı olduğunu və sonadək mübarizə aparacağını göstərdi. "Real”a keçəcəyinə dair xəbərlər heç vaxt səngimək bilməzdi. Halbuki mən Arsenin "Arsenal”dan ayrılmayacağını bilirdim. Öz-özümə deyərdim: "Bu adama dözməliyik. Əbədi olaraq burada qalacaq. Bu vəziyyətə öyrəşsəm, yaxşı olar”.

 

Bəzən münasibətlərimiz çox gərgin olardı. Arsen matçlardan sonra içki içməyə heç gəlməzdi. Əvəzində köməkçisi Pet Rays otağıma gəlib mənimlə bir qədəh içərdi. Bu vəziyyət "Old Trafford”dakı "pizza müharibəsi”nə qədər belə davam etdi.

 

Haqqında müxtəlif əfsanələr danışılan hadisə, səhv xatırlamıramsa, Rud van Nistelroyun soyunub-geyinmə otağına gəlib, meydandan çıxarkən Arsen Vengerin onu azarladığını deməyindən sonra başladı. O dəqiqə Arsenə yaxınlaşıb dedim: "Oyunçularımdan əl çək”. Uduzmuşdular, çox əsəbi idi. Davaçı hərəkətlərinin səbəbi elə bu idi.

 

"Öz oyunçularınla məşğul ol”, – deyə əlavə etdim. Hirsindən gömgöy idi, yumruğunu sıxıb saxlamışdı. Mən özümə hakim olduğumu bilirdim. Arsen isə Rud van Nistelroya ilişmişdi. Bir müddət öncə, Rudu transfer etmə imkanı olsa da, "Arsenal”da oynayacaq qədər yaxşı futbolçu olmadığı üçün bu addımı atmadığını demişdi. Van Nistelroyun böyük futbolçu olmadığı mövzusunda onunla həmfikirəm, ancaq o, böyük qolçu idi.

 

Nə isə, sözümü yenicə bitirmişdim ki, üst-başımın pizza içində olduğunu gördüm. Hər oyundan sonra rəqib komandanın soyunub-geyinmə otağında onlara özəl yeməklər təklif edərdik: pizza, toyuq və s. Bunu bir çox klub edir. Ən gözəl yeməklər isə həmişə "Arsenal”da olur.

 

Dediklərinə görə, mənə pizza atan futbolçu Sesk Fabreqas imiş. Ancaq mən şübhəlinin kim olduğunu bilmirəm. Həmin an soyunub-geyinmə otağının çölündəki dəhlizə çoxlu insan toplaşdı. 49 oyundu məğlubiyyətin nə olduğunu bilməyən "Arsenal” "Old Trafford”da göstəricisini 50-yə çatdırmaq istəyirdi. Görünür, belə bir matçda uduzmaq Arseni özündən çıxarmışdı.

 

Şübhəsiz ki, bu hadisə aramızda soyuqluq yaratdı. Məsələ Pet Raysla münasibətlərimizə də təsirsiz ötüşmədi və matçlardan sonrakı içki məclislərimiz ortadan qalxdı. Bu inciklik Çempionlar Liqasının 2009-cu ildə oynanılan yarımfinalına qədər davam etdi. Arsen ilk oyundan sonra bizi otağına dəvət etdi. Bir neçə həftə sonra "Old Trafford”da oynanılan revanş görüşündən sonra isə Arsen və Pet mənim ofisimə gəldilər.

 

Günlük həyatımızdakı problemlər bəzən özünü futbolda göstərir. Arada evdə sıxıntılar olur. Yaxşı bilirsiniz, bəzən həyat yoldaşınızın ağzını bıçaq açmır, demək olar ki, danışmaq mümkün olmur. Elə anlarda öz-özünə düşünürsən: "Görəsən, nəyi səhv etmişəm?” "Günün yaxşı keçib”, – deyə soruşursan, mırıldana-mırıldana "Hə” cavabı gəlir. Bir də görürsən ki, anidən sakitləşir və normala dönür. Futbol da belədi. Arsen ilə aramızdakı soyuqluq ikimizə də zərər verəcək qədər uzun müddət davam etsəydi, bundan heç xoşlanmazdım.

 

Öz adıma deyə bilərəm ki, məğlubiyyətlər üçün formula tapmışdım. Mətbuat nümayəndələri və televiziya qarşısına keçməmişdən əvvəl, rəqib baş məşqçi ilə danışmamış öz-özümə "Bu matç bitdi, artıq unut” deyərdim. Həmişə bunu təkrar edərdim.

 

Oyundan sonra iş otağıma gələnlər üçün həmişə yaxşı atmosfer yaratmağa çalışardım. Heç vaxt tutqun və soyuq ortam olmazdı. Heç vaxt hakimi günahlandırmazdıq...

 

Aleks Ferqyuson – "Mənim avtobioqrafiyam”

Tərcümə və tərtibat: Rüfət Məcid