"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri kluba idman psixoloqu dəvət etməyi düşünür.
Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis İngiltərə premyer Liqasının son turunda "Lester"ə 0:1 hesablı məğlubiyyətdən sonra bu fikrə düşüb. Təcrübəli çalışdırıcı düşünür ki, komandanın uğursuzluğu fiziki deyil, psixoloji hazırlıqla bağlıdır:
"İtaliyada 15 il əvvəl idman psixoloqum olub. Açığı, həmin vaxt bunu etmək çətin idi, çünki klublar buna hazır deyildilər. İndi sözügedən məsələni "Çelsi" rəhbərliyi ilə də müzakirə edə bilərik. Niyə də olmasın? Şənbə günü "Lester"lə oyunun 55 dəqiqəsini çox yaxşı keçirdik. Qol buraxdıqdan 2 dəqiqə sonra isə çətin vəziyyətə düşdük. Məğlubiyyətin səbəbi fiziki durumla əlaqəli deyil".