"Qarabağ" bir illik fasilədən sonra yenidən çempion oldu.
Bu münasibətilə Ağdam təmsilçisinin sadiq xanım azarkeşləri - Aygül Qarayeva, Sevda Şərbətzadə, Sevinc Məmmədova və Naibə Məmmədova Offsideplus.az-a çempionluq və "Zirə" ilə kubokun finalında keçiriləcək matçla bağlı fikirlərini bölüşdülər:
Aygül Qarayeva: "Əlbəttə, çempionluğa çox sevinirik, lakin deməliyik ki, keçən ilki məyusluqdan sonra belə mübarizə ilə, üstünlüklə qalib gəlmək daha fərqli hisslər yaşatdı. Nəzərə alaq ki, komanda marta qədər 3 turnirdə - çempionat, ölkə kuboku və Konfrans Liqasında mübarizə aparırdı. Bu ilki devizində qeyd olunduğu kimi, keçən il bir addım geri düşsək də, məyusluq yaşasaq da, komanda bu sezon biz azarkeşlərə ən möhtəşəm hissləri yaşatdı. Azərbaycan çempionatının zirvəsində yenidən ən layiqli komandadır.Bunu son illər həm ölkədə, həm də avrokuboklardakı uğuru ilə çoxdan sübut edib. Təsadüfi uğurlar isə göründüyü kimi sadəcə bir mövsüm davam edir.Üstəlik, bu mövsüm daha bir titula sevinə bilərik. “Qarabağ”ın kubokun finalında “Zirə”yə qalib gələrək biz azarkeşlərə yenə, yenidən kubok sevinci yaşadacağına şübhəm yoxdur. Qəbələ səfəri, mövsümü “qızıl dubl”la bitirmək üçün səbirsizlənirəm. Məlumdur ki, xüsusilə son illərdə Azərbaycanı avrokuboklarda və qruplarda yeganə təmsil edən “Qarabağ” oldu. Düşünürəm ki, futbol ictimaiyyəti, ümumən Azərbaycan futbolu “Qarabağ”ın varlığına və çempionluğuna görə sevinməlidir. Azərbaycan futbolunun avrokuboklarda yeganə və ən yaxşı səhifələri məhz “Qarabağ”ın imzası ilə yazılır".
Aygül Qarayeva
Sevda Şərbətzadə: "Fikrimcə, çempionluq mövsümün əvvəlindən bəlli idi, çünki "Qarabağ"dan başqa liqada bu qədər istəkli,intizamlı və çalışqan ikinci komanda yoxdur. Düzdür, bu özü də ümumi olaraq futbolumuz üçün heç yaxşı faktor deyil, amma danılmaz faktdır. Keçən mövsümdən sonra bu çempionluq həm biz azarkeşlərin,həm də komandanın haqqı idi və bu sezon haqqımızı alıb çempion olmağımız münasibətilə bütün azarkeşlərimizi təbrik edirəm. Bir az təvəzökarlıqdan uzaq olsa da, hər zaman tribunada olan azarkeşlərin bu çempionluqda rolu az olmur, buna görə də ayrıca olaraq hər zaman tribunada olan “İmarət Tayfa” “Qarabağ Ordu” və əlbəttə ki, “Bizim kvartet” in üzvlərini xüsusi olaraq təbrik edirəm. Neçə belə çempionluqlara. Qarşıda olan kubok oyunun finalı barədə isə düşünürəm ki, kifayət qədər maraqlı qarşılaşma olacaq. Üstəlik, azarkeş üçün bunun bir səfər olması oyunu 2 qat maraqlı edir. Könül istərdi ki, oyun iş günü olmasın, amma artıq məcbur şəkildə icazəmizi alıb oyuna hazırlaşırıq.Təbii ki, oyunun favoriti "Qarabağ"dır və düşünürəm elə kubok da bizim olacaq. Bununla da "Qarabağ" Azərbaycanın ən titullu komandası olacaq. Necə deyərlər, "We are the best Qarabag Agdam!"
Sevda Şərbətzadə
Sevinc Məmmədova: "Düzünü desəm, Azərbaycan çempionatı başlamamış "Qarabağ"ın qızıl medallara sahib çıxacağına əmin idim. Çünki heyətimiz çox güclüdür. Komandada oturuşmuş sistem var. Heç bir klub bu sistemi çökdürə bilməz. Keçən il baş verənlər sadəcə xoşagəlməz təsadüf idi. Təsadüflər isə 10 ildə bir olur. Vaxtından əvvəl çempionluğumuz rəsmiləşdi və biz də bunun dadını çıxarırıq. Çempionlar liqası bizi gözləsin. İndi daha fərqli macəralar vaxtıdır".
"Ölkə kubokuna gəlincə, bu turnirdə də çox asanlıqla finala çıxdıq. "Qarabağ"ın oyun səviyyəsi digər 7 klubdan o qədər üstündür ki, finala belə rahatlıqla gəlməyimiz heç təəccüblü olmadı. Rəqibimiz də ən çox arzuladığım komanda oldu. "Zirə"nin də uğurlu olmasını çox istəyirəm. Finaldakı məğlubiyyətə üzülmərəm. Amma bu il "qızıl dubl" qaçılmazdır. Məncə, buna heç kim şübhə etməsin".
Sevinc Məmmədova
Naibə Məmmədova: "Çempion olacağımız mövsümün əvvəlindən bəri keçirilən hər oyundan hiss olunurdu. Çünki "Qarabağ" bu çempionatdan belə daha üstündür və onunla çempionluq yolunda rəqabət aparmaq üçün gərək elə onun səviyyəsində, onun gücündə olasan. Amma "Qarabağ" səviyyəsində bu çempionatda hər hansı bir komanda yoxdur. Yəni, bugünkü "Qarabağ"ın əlindən bu çempionluğu yalnız və yalnız kimlərinsə əli ilə ala bilərdilər, eynən keçənilki kimi. Amma bu il ötənilki ssenari təkrarlanmadı və layiq olduğumuz çempionluğumuza qovuşduq. Çempionluqda pay sahibi olan həm də azarkeşlərdir. Buna görə də bir az da özümüzü tərifləmək istəyirəm ( gülür ). Mövsüm boyu "Qarabağ"ın olduğu yerləri "Bizim kvartet" özünə qibləgah etdi və harda olmasından, hava şəraitinin necə olmasından, hətta kefimizin necə olmasından asılı olmayaraq bütün hallarda bir yol tapıb qaçıb oyunlara getdik. Çünki bizim üçün xoşbəxtlik də, sevgi də, dəyər də budur-Sevdiyimizin yanında olmaq, nəticənin necə olmaslndan asılı olmayaraq, komandamızı dəstəkləmək, sevinci də, üzüntünü də bir yaşamaq. Planları "Qarabağa"a görə qurub, "Qarabağ"a görə yaşayırıq. Həyatımızın mərkəzi də məhz odur və bu heç zaman dəyişməyəcək".
"Qaldı ki, "Zirə" ilə oyuna, kuboku biz götürüb, iki titulla mövsümü başa vuracağıq. "Qarabağ"a kuboklar, "Bizim kvartet"ə də çempionluq yaraşır".
Naibə Məmmədova
Cavid Əliyev