"Barselona"nın kapitanı Lionel Messi karantin dövrü və baş məşçqi Kike Setyenin onu yanlış anladığı məsələ barədə danışıb.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "Mundo Deportivo"ya müsahibəsində baş məşqçi Kike Setyenin onu düzgün başa düşmədiyini ifadə edib:

"Ola bilsin ki,  Setyen mənim dediklərimi yaxşı başa düşməyib. Mən deyirdim ki, yaranmış fasilədən əvvəl keçirdiyimiz son oyunlarla Çempionlar Liqasını qazana bilmərik. Amma bu komandaya heç bir şübhəm olmayıb. Bu komandanın bütün titulları qazanmaq gücünə sahib olmasına da heç vaxt şübhəm olmayıb. Hərənin özünə görə fikirləri var və bu fikirlər hörmətlə qarşılanır. Mən hər il Çempionlar Liqasında oynamaq şansına malikəm. Belə oynamaqla da hər il bu turniri qazanmağın mümkün olmadığını da bilirəm. Amma bu fasilə dövrünün bizim işimizə yarayacağını düşünürəm. Görək turnirlər başlayacaq, ümumiyyətlə başlayacaqmı?! Burada da müəyyən suallar ortaya çıxır. Oyunlara qayıdanda nə vəziyyətdə olduğumuzu bilmirik. Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm. Bu dövrlər ərzində evdə çoxlu çalışmağım, formada qalmağıma yardım etdi. Amma evdə etdiyinlə, məşq bazasında xüsusi adamlarla etdiyin çalışmalar arasında fərq var. Bu dövr psixoloji cəhətdən də insanda qəribəlik yaradır. Lakin ailənin hesabına bunun ən yaxşı şəkildə üzərindən gəldiyimi düşünürəm. Bundan əlavə bu dövrdə çox vaxt ayıra bilmədiyimiz şeyləri etdik. Çünki normal vaxtlarda buna vaxtımız yox idi. Çünki oğullarım məktəbə gedirdi. Bizim də özümüzə görə digər işlərimiz var idi".

Qeyd edək ki, İspaniya çempionatının iyunun 12-dən davam etdiriləcəyi gözlənilir.