Cari mövsüm AFFA U-15 Liqasını 2-ci yerdə tamamlayaraq pley-off mərhələsinə vəsiqə qazanan "Sabah" komandasının baş məşqçisi Elvin Həsənov Offsideplus.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

— Elvin Həsənov, 39 yaşım var. 15 ildir ki, futboldayam, müxtəlif komandalarda baş məşqçi işləmişəm. 5 ildir ki, "Sabah"ın aşağı yaş qrupunu çalışdırıram, hazırda U-15 komandasının baş məşqçisiyəm.
— Komanda məşqlərini harda keçirir?
— Komandada 25 nəfər uşaq var. Məşqlər "Şəfa"nın 4-cü meydançasında keçirilir, ev oyunlarımız "ASK Arena"dadır, rəqibləri burada qəbul edirik. 5 gün məşqdir, 1 gün oyun keçiririk, 1 gün isə fasilə verilir, dincəlirik. Bu prosesləri elə vaxta salmışıq ki, dərslərinə mane olmasın, imtahan vaxtlarında da uşaqlarımızı nəzərə alırıq.
— Klub komandaya hansı dəstəyi göstərir?
— Klub tərəfindən komandaya məşq, geyim, səfərlər və s. barədə yardımlar olunur. Avtobus uşaqları metrodan yığır, məşqlərə və ya oyunlara gətirir və bitdikdən sonra geri qaytarır.

— Bəs uşaqlar zədələnsələr?
— Zədə qaçınılmazdır. Bu hal yaşandıqda, tibbi heyətimiz diaqnoz qoyur. Zədə ciddidirsə, müalicə klub tərəfindən qarşılanır.

photo1715434228


— Hansı səfərlərə yollanırsınız?
— May ayının 15-dən 20-dək Antalyada turnirdə olacağıq. Argentina, İngiltərə, Türkiyə, İspaniyadan klublar gələcək, bizi çox möhtəşəm turnir gözləyir.
— Uşaq futbolunda nəticə nə dərəcədə önəmlidir?
— Hamımız deyirik ki, uşaq futbolunda nəticə önəmli deyil. Amma elə bir yaşa gəlib çatıblar ki, "vinner" ruhuna sahib olmalıdırlar. Qalibiyyət hissini yaşamalıdırlar. 50/50-dir, həm düzgün inkişaf yolunu öyrətməliyik, həm də qalibiyyəti başa salmalıyıq. Məşqçi, valideyn, futbolçu təması daim olmalıdır. Bu inkişafın ən düzgün yollarından biridir.
— Pley-offlardan öncə mövsümü 2-ci yerdə başa vurdunuz...
— Bəli. Liqanı 2-ci yerdə bitirib, pley-offa çıxdıq. "Sabah" hər yaş qrupu üzrə iddialıdır. Biz də hər il olduğu kimi bu mövsüm də çempionluğa iddialıyıq.

— Komandanın hansı uğurları var? 

— Komanda 2018/19 mövsümündə U-10 Liqasında Azərbaycan çempionu olub. Həmin il Avstriyada keçirilən Avstriya Vyana Çempionlar Kubokunda 128 komanda arasında 68-ci yeri tutduq. Pandemiyadan sonra bərpa olunan 2021/22 mövsümü üzrə AFFA U-13 Liqasında isə 1/8 final mərhələsində çıxış etdik. Ötən sezona gəlincə, 2-ci yerdə tamamlamışıq.

Günay Xəlil

photo1715435338