Azərbaycan xəritəsinin “gözü”ndə yerləşən Zirənin eyniadlı klubu 3 ay sonra 10 yaşını qeyd edəcək. “Qartallar” tarixi ərzində çempionatda 1 gümüş (2015-16), 1 bürünc (2021-22) medal qazanıb, Azərbaycan Kubokunda isə ikinci olub (2021-22). 2015/16 mövsümündən Azərbaycan Premyer Liqasında daim ilk 5-likdə qərarlaşan klub, cari mövsüm ölkə ikincisi olmağa iddialıdır.

“Klublarımız və akademiyalarımız” rubrikamızın növbəti qonaq komandası “Zirə”dir. Klubun aşağı yaş qrupları Şağan Olimpiya İdman Mərkəzində məşqlərini edir, ev oyunlarını keçirir. Həmsöhbətimiz hazırda AFFA U-16 Liqasında 2-ci yerdə qərarlaşan “Zirə”lilərin baş məşqçisi Seymur Şəbiyevdir.

İdmançının məqsədi nə ola bilər? Nəticə əldə etmək

WhatsApp Image 2024 03 30 at 19.41.10 1

 Seymur Şəbiyev kimdir?

–  32 yaşım var, 2016-cı ildən "Zirə"də çalışıram. Daha öncə "Azal" klubunda işləmişəm. Bu komandaya U-10 Liqasından məşqçilik edirəm.

 Zirənin aşağı yaş qrupuna seleksiyalar necə keçirilir?

–  Digər klublardan yoxlanışa gələnlər də olur. Amma 16 yaşında futbola yeni başlayıblarsa, bu gecdir. Yay və qış seleksiyaları olur, bu müddətdə müraciət edən hər bir futbolçunu yoxlayırıq, şans veririk. Verilən şansı dəyərləndirirlərsə, komandaya yolları açılır.

– Komanda hazırda çempionluğa oynayır. Uşaqları necə kökləmisiniz?
– Açığı deyim ki, düzdür, uğur qazanmaq vacibdir. İdmançının məqsədi nə ola bilər? Nəticə əldə etmək. Sadəcə olaraq, bu yaşlarda daha çox qarşıda olan nəticə düşünülür. U-16 olsaq da, futbolçularımız əvəzedicilərlə məşqlərə qoşulur. Kapitan Fərid Cabbarlı demək olar ki, bütün məşqlərini əvəzedici komanda ilə edir. İndiki halda ən böyük nəticə budur: U-16 komandadan yuxarı komandaya yüksəlmək.

Uşaqları qoruya-qoruya mərhələ adlamaq istəyirik

photo1713892856
– Futbolçuların Premyer Liqada oynaması üçün nə çatmır?

–  Bu futbolçular üçün Premyer Liqa yüksəkdir. Yaş amili var. Söz yox ki, Avropada 16 yaşlılar əsas çempionatda debüt edirlər. Biz bugünkü şəraitimizlə irəliləməyə çalışırıq. Ölkə səviyyəsində qidalanma, yataqlı akademiya və s. cəhətlərdən əziyyət çəkirik. Bu dönəmdə zədələr çox olur, uşaqları qoruya-qoruya mərhələ adlamaq istəyirik.

– Uşaqlar harda məşq edirlər?
– Məşqləri Şağan Olimpiya İdman Kompleksində keçiririk. Koroğlu metro stansiyası yaxınlığından avtobus futbolçuları stadiona aparıb, gətirir. Demək olar ki, vacib şeylərdən biri bu servisin olmağıdır. Ən uzaqda qalan uşağımız 20 Yanvarda qalır, avtobus Koroğludan hər birini stadiona çatdırır.

– Neçə saat, həftədə neçə gün məşq olur?
– Həftəlik minimum 4-5 dəfə məşqlər keçirilir. Elə məşq var ki, 60, 70 və ya 90 dəqiqə çəkir, plandan asılıdır. Oyuna hazırlıq məşqləri 40-45 dəqiqəni əhatə edir.

– Oyunçuları kim müayinə edir?

– Komandanın həkimi var, ilkin müayinəni o qoyur. Zədənin ciddi olduğu üzə çıxırsa, əsas komandanın həkiminə göndərilir. Müayinə, müalicə klub tərəfindən qarşılanan prosesdir.

Məşqləri elə bir vaxta salmışıq ki, təhsillərinə mane olmasın

WhatsApp Image 2024 03 30 at 19.53.19

Dərslərinə mane olmur ki?

– Futbolçuların paralel olaraq təhsillərini davam etdirmələrinə də çalışırıq. Mütləq şəkildə, təhsillərinə diqqət ayrılmalıdır. Valideynlərlə əlaqədəyik, yuxu rejimlərini, qidalanma və bərpa müddətlərini nəzarətdə saxlayırıq. Məşqləri elə bir vaxta salmışıq ki, təhsillərinə mane olmasın.

Valideynlər hansı nəticələri gözləyir?

– Oyunçular artıq elə bir yaş dövründədirlər ki, bəlli hədəf var: Əvəzedici və ya əsas komandaya yüksəlmək. Məqsədlər pillə-pillə böyüyür. Valideynlər də əziyyət çəkirlər ki, uşaqlarının gələcəyi uğurlu olsun. Bəzi valideynlər futbolçunun yetişmə qanun-qaydalarını bilməyə bilər. Onlarla əl-ələ verib, uşaqları müəyyən bir hədəfə çatdırmağa çalışırıq.

Klubdan futbolçulara nə kimi dəstək göstərilir?

– Klub tərəfindən futbolçulara maaş verilir. Bu əsasən yol pulu və digər ehtiyacları üçün nəzərdə tutulub. Oyunçunun potensialına, perspektivinə əsasən ödəniş olunur.

“Zirə” Akademiyası, hədəfləri, nailiyyətləri, futbolçuları

gallery1694899818 44646

– “Zirə” Azərbaycan futboluna kimləri qazandırıb?

– Əsas komandaya yüksələn futbolçularımızdan Cəlal Hüseynovu (“Arda”) deyə bilərik. U-14 Liqada "Zirə"nin akademiyasının yetirməsi olub. 2004 təvəllüdlü Mahmud Ağayevin (“Zirə-2”) adını çəkmək olar, U-12, U-13 Liqalarından bəri "Zirə" ilədir. Əsas komanda ilə məşqlər edir, mütəmadi olaraq əvəzedicilərdə oynayır. Nəzərə alaq ki, "Zirə"nin hələ indi 10 illiyi tamam olur. Klubun böyük bir yaşı yoxdur, hələ bu illərdən sonra nəticə görəcəyik. 2008 təvəllüdlü Fərid Cabbarlı isə sırf "Zirə"nin yetirməsidir.

– Siz və bu komanda hansı nailiyyətləri əldə edib?

– Baş məşqçilik karyeramdakı titullar U-16 komandamıza təsadüf edir. Bu komanda ilə U-10 Liqasında Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "Qış Kuboku"nda üçüncü olmuş, Gənclər Gününə həsr olunmuş turniri qazanmışıq. Cümhuriyyətin 100 illiyində təşkil olunan turnirdə birinci yeri tutmuşuq. U-11 Liqasında Respublika üçüncülüyünü əldə etmişdik. U-13 Liqa pandemiyaya görə təxirə salındı, növbəti ilə U-14-lə ölkə üçüncüsü olduq. "Qarabağ" klubunun təşkil etdiyi U-11 Bahar turnirində və U-15 Liqasında üçüncülüyümüz var.

– Beynəlxalq turnirlərdə iştirak etmisiniz?

– Bu komanda ilə Azərbaycanda keçirilən 2 beynəlxalq turnirlərdə iştirak etmişik. Hər ikisində final oynadıq, lakin uduzduq. Keçən mövsümün sonlarında baş tutan turnirdə finalda qırğızlara, ötən yayda keçirilən yarışın finalında isə Belarus komandasına məğlub olduq. Xaricdəki turnirlərdə iştirak etmək planlarımız olsa da, turnirlə bağlı dəyişikliyinə görə gedə bilmədik. Aprelin 1-də beynəlxalq turnirdə Gürcüstana yollanmalı idik, vaxt sentyabra dəyişdirildi. Qismət olsa, o zaman oynayarıq.

– Məğlubiyyətdən sonra uşaqları necə motivasiya edirsiniz?

– Bütün oyunlarımızın çəkilişi var. Məğlubiyyətdən sonra oyunlarımızın analizi gedir. İlk öncə özümüz analiz edirik, araşdırırıq ki, harda nə səhv eləmişik. Ondan sonra fərd olaraq uşaqlarda səhvləri axtarıb, düzəltməyə çalışırıq. Motivasiyaya gəlincə, bu oyundur, hər üç nəticə var və mümkündür. Oyun bitəndən sonra növbəti həftəyə, oyunlara hazırlaşmalıyıq.

Günay Xəlil

WhatsApp Image 2024 03 30 at 19.41.09 1

WhatsApp Image 2024 03 30 at 19.41.09