"Şamaxı"nın sol cinah yarımmüdafiəçisi Fuad Bayramovun Offsideplus.az-a müsahibəsi...

- Çətin "Neftçi" səfərindən xalla dönməyi bacardınız (1:1). Son iki turda bu nəticə sizə motivasiya verəcək?

- Əlbəttə, bu oyunda qazandığımız xal bizə motivasiya verdi. Qarşıdakı iki turda da əlimizdən gələni etməyə çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Premyer Liqada qalmaq uğrunda mübarizə aparırsınız. Komandada ab-hava necədir? Səncə, elitada qala biləcəksinizmi?

- Komandada ab-hava çox yaxşıdır. "Neftçi" ilə oyunda qazandığımız xal bizə bir işarə idi ki, hələ heç nə bitməyib. Sona qədər döyüşüb, elitada qalmağa çalışacağıq. Əlbəttə, komanda yoldaşlarıma inanıram ki, bunun öhdəsindən gələcəyik.

- Növbəti oyun doğma divarlar arasında "Qəbələ"yə qarşı olacaq. Nəzərə alsaq ki, rəqibə avrokuboklara getmək üçün xal lazımdır, bu oyundan gözləntin nədir?

- Bu matça çox ciddi şəkildə hazırlaşıb, maksimum nəticə əldə etməyə çalışacağıq. Düşünürəm ki, hazırda xala daha çox ehtiyacı olan tərəf bizik. İnşallah, inanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik.

- Bizdə olan məlumata görə, ölkə xaricindən təklif almısan. Adın "Neftçi" ilə də hallanır. Karyeranı hansı klubda davam etdirib-etdirməyəcəyin barədə qərar vermisən?

- Hələ ki bu haqda düşünmürəm. Qarşıdakı iki gərgin matça köklənmişik. İnşallah, mövsümü müsbət notlarla bitirək, ondan sonra düşünməyə kifayət qədər vaxtım olacaq. Hazırda bütün diqqətimi "Şamaxı"ya yönəltmişəm".

Daşqın Əziz