7 il "Sumqayıt"da, almaniyalı mütəxəssis Berti Fotqsun dövründə milli komandada, son olaraq 4 il "Neftçi" klubunda qapıçılar üzrə məşqçi kimi çalışan və hazırda işsiz olan Etibar Tarverdiyevin Offsideplus.az-a müsahibəsini təqdim edirik:

 - Futbolda uzunmüddətli fəaliyyətiniz olub. İllərini futbola sərf edən bir mütəxəssis kimi indi kənarda qalmaq necə hissdir?

- Yaralı yerimə toxunduz. Mənim üçün ən ağır mövzu budur. Mən işimi sevən, çalışmağı xoşlayan adamam. Bu gün işsiz qalmaq mənimçün olduqca çətindir. Yəni, bunu maddiyyatla bağlamaq fikrində deyiləm. Mənəvi olaraq çox çətindir. Mən bu işi çox sevirəm, onunla yaşayıram. Amma vaxtilə içində olduğum proseslərə indi kənardan baxmaq mənə çox ağır gəlir.

- Samir Abasovun "Neftçi"dən gedişiylə komandadan ayrılanlardan biri də siz olduz. İndiyədək keçən müddətdə hər hansı iş təklifi oldumu?

- Olub, özü də elə "Neftçi" klubundan. İşdən çıxandan bir müddət sonra mənə yenidən əməkdaşlıq təklif etdilər. Lakin işləmək arzusunda olmadığım üçün şərtləri qəbul etmədim. Mənim üçün bu gün "Neftçi" kitabı bağlıdır. Bu kluba illərimi, sağlamlığımı, bacarığımı verdim. Ancaq hazırda bu haqda danışmaq istəmirəm. Artıq irəli baxmaq lazımdır.

- Adınız "Sumqayıt"la da hallanır. "Kimyaçılar"a keçidiniz gözlənilirmi?

- Bəli, mətbuatda bu barədə yayılan xəbərlərə rast gəlmişəm. Amma mənə konkret bir təklif olmayıb. "Sumqayıt"da uzun illərdir tanıdığım dostlarım, həmkarlarım çalışır. Onlara uğurlar arzu edirəm. Bu, futboldur. Hər an yeni bir təklif ola bilər. Bütün təkliflərə də açığam. 

- Samir Abasovla yaxın münasibətlərinizin olduğunu bilirik. Bəlkə elə 44 yaşlı mütəxəssis özü sizi "Sumqayıt"a dəvət etdi...

- Hər dəqiqənin, hər saniyənin öz hökmü var. Samirlə bu gün də yaxın dostluq münasibətlərimiz var. Biz insanlığa, dostluğa qiymət veririk. Ən əsas məsələ də budur. Gələcəkdə nə olacaq, yaşayıb, görəcəyik.

- Sizcə, Samir Abasov "Sumqayıt"ı düşdüyü çətin vəziyyətdən çıxara biləcək?

- Bir tur əvvəl "Sumqayıt"ın səfərdə "Səbail"lə oyununu (1:0) izlədim və belə qənaətə gəldim ki, komandanı və Samiri müəllimi çox ağır, çətin işlər gözləyir. İstər fiziki, istərsə də mənəvi durumu düzəltmək, bəlli səviyyəyə çatdırmaq çox çətin olacaq. Bir də ən əsas məsələlərdən biri seleksiya prosesidir. Yəni, komandaya lazım olan, düzgün futbolçular cəlb olunmalıdır. Demək istəmirəm ki, bu gün "Sumqayıt"ın heyətindəki futbolçular zəifdirlər, xeyr. Sadəcə, hər məşqçinin öz üzlubu, tələbləri var. Bilmirəm, bu, nə dərəcədə alınacaq. Çünki hazırda "Sumqayıt"da maliyyə durumu istənilən səviyyədə deyil. Samir müəllim nə qədər yaxşı məşqçi olsa da, ilk planda olan məsələ maliyyədir.

- Bəs "Neftçi"nin hazırkı durumu haqda nə deyə bilərsiz? Sizcə, komanda bu mövsümü neçənci yerdə tamamlayacaq?

- "Neftçi"nin durumunu hamımız görürük. Çox danışmaq istəməzdim. Onu deyə bilərəm ki, "Neftçi" ilk dördlükdə olacaq, amma komandanın oyun planı haqda söhbət açmaq istəmirəm. İçimdən gəlmir (gülür).

- Hazırda Premyer Liqa klublarında əlcək geyinən gənc qapıçılardan kimi fərqləndirərdiz? Hansı qolkiper yaxın gələcəkdə milli komandaya dəvət ala bilər?

- Bundan əvvəlki müsahibəmdə də demişdim ki, gənc nəsil yetişir və Azərbaycanda qapıçıların gələcəyini parlaq görürəm. Mənə elə gəlir ki, bu mənada hər şey müsbətə doğru irəliləyir. Siz konkret kim haqda soruşmaq istəyirsiz?

- Məsələn, "Sabah"ın qapıçısı Yusif İmanov...

- Çox potensiallı futbolçudur. Qapıda stabil durur, özünü yaxşı tərəfdən göstərə bilir. Buna görə də baş məşqçi Murad Musayevin etimadını artıqlamasıyla doğrulda bilir. Bu templə çıxış etsə, gələcəkdə onu milli komandada da görə bilərik. "Sabah"da digər gənc və potensiallı qapıçı da var - Nicat Mehbalıyev. O da istənilən vaxt əsas heyətdə yerini ala biləcək qolkiperdir. "Neftçi"də çıxış edən Rza Cəfərovun da adını çəkə bilərəm. 

- Aqil Məmmədov, Şahruddin Məhəmmədəliyev, Anar Nəzirov və başqaları... Vaxtilə bu işin sirlərini sizdən öyrənmiş qapıçılar bu gün sizi yada salır, əlaqə saxlayırlar?

- Tez-tez əlaqə saxlayan qapıçılar da var, heç yada salmayanlar da. Ümumiyyətlə, hər kəsə öz həyatı, karyerası vacibdir. Amma deyərdim ki, adlarını çəkdiyiniz qapıçıların hər birinin ürəyində Etibar Tarverdiyev sevgisi var (gülür).

- Son olaraq milli komanda haqda fikirlərinizi bilmək istərdik. Həm De Byazi ilə müqavilə uzadıldı, həm də Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsindəki rəqibləri (F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya - red.) məlum oldu. Sizcə, milli bu tsiklda hansı nəticəni göstərəcək?

- Milli komanda milli qürur deməkdir. Qrupdakı yığmalar haqda uzun-uzadı danışmaq istəməzdim. Hər kəs bilir ki, çox çətin rəqiblərdir. Buna görə də millinin məşqçilər korpusunu çox çətin işlər gözləyir. Proqnoz verməyi xoşlamıram, ancaq komandamızın potensialına baxanda bilirik ki, çox çətin olacaq. Bu üzdən millimizə ancaq yaxşı oyun və uğurlar arzu edirəm. De Byazinin komandada qalıb-qalmamağı isə bizi aşan məsələdir. Yəni, biz desək ki, qalsın, ya qalmasın - bu, bizə aid olmayan məsələdir. AFFA rəhbərliyinin qərarıdır. Mən məşqçiyəm, maksimum çalışıram ki üzərimə düşən işi görüm, qalan şeylər isə idarəetməyə aid olan məsələlərdir.

Offsideplus.az