Karyerası boyunca “Rayo Vallekano” (İspaniya), “Portu”, “Vitoriya” (Portuqaliya), “Fənərbağça”, “Alanyaspor” (Türkiyə) kimi klublarda oynamış "Sabah"ın 31 yaşlı müdafiəçisi Abdulaye Banın Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– "Şamaxı" ilə gərgin matç (1:0) və vurduğunuz son dəqiqə qolu barədə təəssüratlarınızı bölüşərdiniz...

– Çətin oyun idi, "Şamaxı" 5-6 futbolçusu ilə müdafiəyə çəkilmişdi. Müdafiədəki boşluqları bağlayır və əks-hücuma keçirdilər. Qələbə qazanmaq həmişə yaxşı hiss etdirir, xüsusilə də qolun müəllifi özünsənsə.

310091059 1161721804439718 3367678958462771726 nk

– Səfər matçları komanda üçün çətin olur? "Qarabağ", "Şamaxı"...

– Doğma meydanda oynamaq səfər matçları ilə eyni deyil. Hər şey dəyişir.

– "Sabah" çempionluğa əsas namizədlər arasındadır. Bu mövsüm əsas gözləntiləriniz nələrdir? 

– Günbəgün daha da çox çalışmalıyıq. Sadəcə növbəti oyunlarımıza köklənməyə çalışırıq. Nələr olacağını mövsümün sonunda görəcəyik. 

– Türkiyə, Portuqaliya, İspaniya kimi ölkələrdə çıxış etmisiniz. Adıçəkilən ölkələrin çempionatı və Azərbaycan Premyer Liqası arasında nə kimi fərqlər var?

– Karyeram boyunca formasını geyindiyim bütün komandaları təmsil etməkdən qürur duyub, məmnun olmuşam. Adlı-sanlı, ulduz futbolçularla eyni paltardəyişmə otağını bölüşmək, birlikdə xatirələrimizin olması inanılmaz bir şansdır. Bu şərtlər altında onlarla görüşmək və top qovmaq ən gözəl şeylərdən biri olub. Amma hazırda burdayam. "Sabah" və Azərbaycanda xoşbəxtəm. Adıçəkilən ölkələr və liqalar bir-birindən fərqlənir. Təbii ki, arada çox fərq var.

– Murad Musayevin rəhbərliyi altında çalışmaq necədir?

– M.Musayev çox yaxşı, peşəkar bir baş məşqçidir. Həmişə özümün ən yaxşı performansımı sərgiləməyimi tələb edir. İnsan olaraq, ona sadəcə "5 ulduz" verə bilərəm.

– Aylardır ki, Azərbaycandasınız. Bakıya ilk gələndə hansı çətinliklərlə qarşılaşdız?

– Müsəlmanam. Burdakıların çoxu da mənim din qardaşlarımdır. Dil barəsində hələ də çətinlik çəkirəm. Yerli əhali mənə yaxşı rəftar edir.

– Komanda yoldaşlarınızla münasibətiniz necədir?

– Komanda yoldaşlarımla yaxşı münasibətim var. Mənə çox yardımları toxundu. Onların sayəsində ölkəyə və kluba daha tez uyğunlaşa bildim.

310849107 1164759454135953 7182303329074076471 nl

– Növbəti oyun "Kəpəz"ə qarşı olacaq, rəqib və sizi gözləyən matç barədə fikirləriniz?

– Hər zamankı kimi oyuna hazırlaşacağıq. Çünki həm mən, həm də komanda yoldaşlarım komandada formalaşan prosesə güvənirik.

– "Sabah" azarkeşlərinə nə söyləmək istərdiniz?

– Hər birini salamlayıram. Onları dəlicəsinə sevdiyimi demək istərdim.