"Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, funksioner azarkeşlərin qarşılaşma ərzində Ağdam təmsilçisinə möhtəşəm dəstək olduğunu bildirib: "Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək".

Tahir Gözəl Çexiyadakı matçın çox vacib olacağını söyləyib: "Azarkeşlərə təşəkkür edirəm. Burada möhtəşəm ab-hava var idi. İnanıram ki, səfərdən də qələbə ilə qayıdacağıq".

Klub rəhbəri Plzen təmsilçisi ilə 2016-cı ildə qarşılaşdıqları oyunu  da xatırlayıb: "Həmin vaxt bərabər səviyyədə keçən oyun var idi. Səfər qolu sayəsində rəqib növbəti mərhələyə adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı oldu. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqib də hiss edir ki, bu komanda 6 il əvvəlki "Qarabağ"dan tam fərqlənir. Biz Çexiyaya ancaq qələbə üçün gedəcəyik. Rəqibimiz də çox güclüdür. Onlara qarşı oynamaq çətindir. "Viktoriya"ya hörmətlə yanaşırıq, amma səfərə qalibiyyət üçün yollanırıq".

Tahir Gözəl komandada böyük inamın olduğunu qeyd edib: "Qurban Qurbanov və futbolçularda böyük inam var. Plzendə bu işin öhdəsindən gələcəyimizə inanırıq. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma Çexiyaya qələbə əzmi ilə gedəcəyik".

Qeyd edək ki, avqustun 23-də Plzendə keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.