"Kəpəz" klubunun yeni transferi Elvin Yunuszadənin Offsideplus.az-a müsahibəsini təqdim edirik:

- "Kəpəz" illər sonra yenidən elitaya qayıtdı. Bununla bağlı fikirlərini bölüşərdin...

- Bütün gəncəliləri təbrik edirəm. "Kəpəz" uzun fasilədən sonra yenidən Premyer Liqada çıxış edir. Bu, Gəncə futbolu adına çox xoş haldır. Ümid edirəm ki, komanda mövsüm boyu göstərəcəyi oyun və nəticələrlə azarkeşləri sevindirməyi bacaracaq.

- Yeni mövsümdə ilk turun açılış matçında "Zirə" ilə qarşılaşdız və məğlub olduz (1:2). Səncə, məğlubiyyətə səbəb nə oldu?

- Zənnimcə, ilk oyunumuz olmasına baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əlbəttə, müəyyən çatışmazlıqlar var və bu da başadüşüləndir. Ümumiyyətlə, ilk oyunlar hər zaman çətin olur. İlk turdakı rəqibimiz də çox güclü idi. Bilirik ki, bizimlə oyundan əvvəl "Zirə" avrokubok matçları (UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (İsrail, Təl-əviv) klubu ilə - red.) keçirmişdi. Ancaq onu da deyə bilərəm ki, bu görüşdə heç-heçə edə, hətta qalib gələ də bilərdik. Sadəcə, bir az bəxtimiz gətirmədi. Komandamız son dəqiqələrdə qapısında qol gördü... Bunu da vurğulayım ki, hər iki kollektiv meydanda əsl mübarizə apardı, xarakter göstərdi. Məncə, azarkeşlər də hər iki komandanın ifasında maraqlı oyuna şahidlik etdilər. 

- Bu matç Bakıda - "Dalğa Arena"da baş tutdu. Ümumiyyətlə, "Kəpəz" hələ ki ev oyunlarını Bakıda keçirməli olacaq. Bu da gəncəli futbolsevərləri narazı salıb. Bəs, sən nə düşünürsən?

- Əlbəttə, azarkeşlər bu məsələyə görə xeyli məyus oldular. Təkcə fanatlar yox, klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular - bir sözlə, hamımız istəyirdik ki, ev oyunlarımızı Gəncə şəhər stadionunda keçirək. Çünki Gəncədə həm böyük azarkeş dəstəyi baxımından üstünlüyümüz olacaqdı, həm də öyrəşdiyimiz meydança idi. Düşünürəm ki, əgər "Kəpəz" bu cür şəhəri təmsil edirsə, ev oyunları da məhz Gəncədə olmalıdır. Çünki bu şəhərdə futbola böyük sevgi və tələb var.

- Növbəti turdakı rəqibiniz ölkəmizi Konfrans Liqasında təmsil edən, həm də sabiq komandan "Neftçi"dir. Bu oyundan nə gözləyirsən?

- Komanda olaraq "Zirə" ilə matçı unutmalı və qarşıdakı oyuna köklənməliyik. Çempionat yeni başlayıb və səhvlərimizdən nəticə çıxarmalı və növbəti rəqiblə oyuna hazırlaşmalıyıq. Çünki bizi çox ağır "Neftçi" səfəri gözləyir. Məlum olduğu kimi, "ağ-qaralar" hazırda avrokuboklarda mübarizə aparır və məncə, buna görə də "Neftçi" ilə oyun bizim üçün daha ağır keçəcək.

Daşqın Əziz