"Neftçi" klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Artyom Dzyubanın Azərbaycan klublarından birinə transfer olacağı ilə bağlı yayılan xəbərlərlə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, 68 yaşlı çalışdırıcı Rusiyanın "Sport24" portalına verdiyi açıqlamada rusiyalı hücumçu üçün Azərbaycanda oynamağın çətin olacağını söyləyib:

"Əgər Dzyuba həqiqətən də Azərbaycana getsə, ona yazığım gələr. Bu ölkədə oynamaq çox çətin olar. Artyom üçün belə isti bir iqlimdə tapşırıqların öhdəsindən gəlmək son dərəcə çətin olacaq. Bu, onun üçün pis seçimdir.

Təbii ki, onun Rusiyada oynamağa davam etməsi daha yaxşıdır. Ancaq klublar üçün Artyom artıq çox problemli oyunçudur. O, yaşlı və ləngdir. Dzyubanın qiyməti artıq keyfiyyətə uyğun gəlmir, ona görə də heç bir klub onu dəvət etmir. Son vaxtlar onun oyununu görmüşəm və ona marağın olmaması məni heç də təəccübləndirmir. Bu futbolçunun tələblərini azaltmasının vaxtı çatıb".

Qeyd edək ki, Petrjela 2007-2008-ci illərdə Bakı klubunu çalışdırıb.