"Şamaxı"nın brazilyalı yarımmüdafiəçisi Felipe Santosun Offsideplus.az-a müsahibəsi...

- Komandan ardıcıl ikinci matçda da ağır məğlubiyyət aldı. Bunun səbəbi nədir?

- Hesab edirəm ki, "Qarabağ" la oyun gözlənilməz oldu. Bu da komandadakı ab-havaya pis təsir etdi. Amma bu oyunu geridə buraxıb, qarşıdakı matçlara köklənməliyik. 

- Erkən buraxdığınız qolun oyuna təsiri olduğunu düşünürsən?

- Bəli, erkən qol buraxmağımız oyunumuza təsir etdi. Amma qol vurduqdan sonra,yaxşı mübarizə apardıq.Təəssüf ki, hesab ürəkaçan olmadı.

- Zədədən sonrakı ilk matçında qol vurdun. Bu haqda nə deyə bilərsən?

- Zədə səbəbindən 8 matçda iştirak edə bilmədim. "Qarabağ"a uduzduğumuz oyundan sonra anladım ki, ağrılar da olsa, komandaya kömək etmək lazımdır. "Şamaxı" üçün əlimdən gələni edəcəm.

- Növbəti tur "Səbail"lə qarşılaşacaqsız. Bu oyun barədə nə deyə bilərsən?

- Evdə oynayacağıq və qələbə qazanmağa borcluyuq. Mövsümün bitməyinə 4 tur qalıb. Mümkün qədər çox xal toplayıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Sizin üçün mövsümü uğursuz adlandırmaq olar?

- Düzdür, çox çətinliklər oldu, amma yaxşı oyunçularımız var. Daha artığını edə bilərdik.

- Mövsümün sonunda komandayla müqavilən başa çatır. Rəhbərlikdən yeni sözləşmə təklifi almısan?

- Bəli, rəhbərlikdən təklif almışam. Hələ ki, bu haqda düşünmürəm. Hazırda mövsümü yaxşı bitirməyə köklənmişəm. 

Cavid Əliyev