"Qadın İdmançılar" rubrikamızın növbəti qonağı qadınlardan ibarət  Azərbaycan millisinin və "Çaykur Rizəspor" klubunun müdafiəçisi Ayşən Əhmədova oldu.

- Futbolla neçə yaşınızdan məşğul olmağa başlamısız?

- 10 yaşımda futbolğ oynamağa başlamışam. İlk dəfə "Məktəbli kuboku" turnirində iştirak etmişəm. Bu, mənim peşəkar futbola başlamağıma çox kömək oldu.

- İlk klubunuz hansı olub?

- İlk olaraq "Təhsil"də çıxış etmişəm.

- Qohumlardan və ya ailə üzvlərindən sizin bu seçiminizə qarşı çıxan oldu?

- Bəli, əvvəl yaxşı baxmırdırlar. Təhsil almağımı istəyirilər, ancaq milliyə komandaya dəvət alandan sonra mənə dəstəkləməyə başladılar. Ən çox atam mənə mənəvi cəhətdən çox kömək oldu.

- Belə çıxır ki, ali təhsil ala bilməmisiz...

- Xeyr! Hazırda Ukrayna Polis Akademiyasının 2-ci kursunda təhsil alıram.

- Ukraynadan söhbət düşmüşkən, hazırda orada da vəziyyət yaxşı deyil. Oradakı tanışlarınız bu haqda nə deyirlər?

- Təəssüf ki, oradakı vəziyyət çox pisdir. Ümir edirəm ki, tez bir zamanda müharibə dayanar.

- Yəqin ki, qiyabi təhsil aldığınıza görə tez-tez Ukraynaya getmirsiz?

- İl ərzində iki dəfə Ukraynaya gedirəm.

- Bəs, orada futbolçu tanışlarınızdan var?

- Xeyr, yoxdur.

- Futbol və polis. Ayrı-ayrı sahələrdir. Yəqin ki, ailənizin istəyi ilə bu ixtisasda oxuyursuz?

- Bəli, ailəmin təkidi ilə bu ixtisasda oxuyuram. Əsasda nənəmin istəyidir ( gülür ).

- Futbolçu olandan sonra hansı problemlərlə üzləşdiniz?

- Mən futbola başladığım dövrdə qadın futboluna maraq yox idi. Bəzi insanlar qadın futbolumuzun olması haqda məlumatlı deyildi. Sadəcə, məni narahat edən, cəmiyyətimizin bu sahəni sevməməsi idi.

- Sizcə, hazırda Azərbaycanda qadın futboluna maraq formalaşıb?

- Bəli, kifayət qədər maraq yaranıb. Artıq qadın futboluna ciddi diqqət var. Həm də əsas komandamızın üzvləri legioner həyatı yaşayır. Bu da indiki gənc nəsil qızların futbola marağını artırır.

- Futboldan başqa hansı idman növü ilə məşğul olmusuz?

- Uşaqlıqdan yalnız futbolla məşğul olmuşam.

- Kumiriniz olan futbolçu var?

- "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə. Onun oyununu çox bəyənirəm. Həm də hər ikimiz müdafiədə oynayırıq.

- Sizcə, Azərbaycanda kişi futbolçular daha əzmkardır, yoxsa qadınlar?

- Qadınlar.

- Səbəb?

- Çünki qadın futbolumuza insanların marağı az olsa belə, həvəsdən düşmürük, davam edirik.

- İndiyədək yaddaşınızda qalan ən yaxşı oyununuz hansı olub?

- Moldova yığmasına ( 1:0 ) qalib gəldiyimiz oyunu deyirdim. Bizim üçün çox vacib qarşılaşma idi.

ada2895d 666b 4c1a 8ab0 222f2218bd66

- Qadın və ya kişi futbolçulardan hansına qarşı oynamaq istəyərdiniz?

- Qadınlardan ibarət Amerika millisinin futbolçusu Aleks Morqana qarşı oynamaq istəyərdim.

- Gələcək həyat yoldaşınız sizin bu sahəni davam etdirməyinizi istəməsə, hansı qərarı qəbul edərsiz?

- Elə bir insanla ailə həyatı qurmaq istəyərəm ki, mənim işimə hörmət etsin.

- Milli barədə danışaq. Son toplanışda 2 yoldaşlıq oyunu keçirdiniz və qalib gəldiniz. Bu nəticələr kollektivdə ab-havanı dəyişə bilib?

- Monteneqro yığması üzərində qələbədən sonra yoldaşlıq oyununda da qalib gəlməyimiz düşərgədəki ab-havanı çox dəyişdirdi. Ardıcıl qələbələr bizə motivasiya verir.

- DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində aprelin 7-də Bosniya və Herseqovina və 12-də isə Danimarka yığması ilə qarşılaşacaqsız. Bu oyunlardan gözləntiləriniz nədir?

- Sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin yaxşısını edəcəyik. İnşallah, ölkəmizi sevindirəcəyik.

- Hazırda çıxış etdiyiniz "Çaykur Rizəspor"da vəziyyət necədir?

- Komandamız yeni qurulub. Buna görə də qeyri-stabil nəticələr olur. Amma ən əsası odur ki kollektivdə ab-hava çox yaxşıdır. Bu da bizim leyhimizədir. Baş məşqçimiz Mutlucan Zavatcu gələcək üçün komanda hazırladığını deyir. Növbəti mövsüm ən yaxşı klublardan biri olacağıq. Məqsədimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Bu klub buna layiqdir.

2f3d0f2f a908 4a8e a782 1797857fe81f

- Azərbaycan və Türkiyədəki qadın futbolunu necə dəyərləndirərdiz?

- Türkiyə Liqası professional olmağa doğru gedir. Buradakı qadın futbolu ölkəmizdən irəlidədir. Amma 5-10 ildən sonra Azərbaycanda da qadın futboluna maraq artacaq. Bu da çempionatın səviyyəsini qaldıracaq.

- Legioner həyatı yaşayırsınız, bu, sizin üçün çətin deyil? Darıxmırsınız?

- Düzünü desəm, ailəmdən ötrü çox darıxıram.

- Futbolda başınıza gələn ən maraqlı hadisə nə olub?

- U-19 heyətində elit-raunda yüksəlməyimiz... Bunu heç vaxt unutmayacam. Mükəmməl hislər idi.

- Karyeranızda peşman olduğunuz hadisə olub?

- Millinin heyətində Qazaxıstanla oyunda öz qapımıza qol vurmuşdum. Bu, hər yadıma düşəndə çox pis oluram.

- Futbolçu olmaq istəyən, lakin müəyyən təzyiqlərlə üzləşən qızlara nə məsləhət görərdiniz?

- Məncə, öz məqsədlərinə doğru getsinlər. Düzdü, ailənin də sözünü dinləmək vacibdir, amma bu həyatı onlar yaşayırlar.

Cavid Əliyev