"Neftçi"nin müdafiəçisi Mərt Çəlikin Offsideplus.az-a müsahibəsi

– İstirahətin necə gedir? Yəqin ki, Türkiyədə olarsan?

– Bəli. Hazırda ailəm ilə birlikdə İstanbuldayam. Birlikdə dincəlirik. Amma həmçinin qışdan sonra olacaqları düşünürəm.

– Qış fasiləsinə "Qarabağ"ın 11 xal gerisində yollandınız. İkinci dövrədə bu fərqi aradan qaldıracağınızı düşünürsən?
– Əmin ola bilərsiniz ki, qış fasiləsindən sonra daha yaxşı olacağıq. Bu mövsüm də çempionluğun ən böyük favoriti yenə bizik.

–Keçən mövsüm ölkə çempionu oldunuz. Amma həmin performansı sərgiləyə bilmirsiniz. Birdən-birə çempion komandaya nə oldu?
– Təcrübəsizlik. Bu baxımından geri qaldıq.

– Avrokuboklarda uğursuz çıxış etdiniz. Hətta digər klublardan fərqli olaraq, 3 turnirdə çıxış etdiniz. Amma heç birində hansısa bir nəaliyyət qazanmadınız. Bu çıxışınıza nə səbəb oldu?
– Təəssüf ki, təcrübəmiz çatmadı. İnşallah, gələn mövsüm "Neftçi"ni Avropada layiqincə təmsil edəcəyik.

– "Neftçi"ylə sözləşmən sona çatdıqdan sonra, "Başakşəhər"ə qayıdacaqsan? Hazırda komandanı Əmrə Bəlözoğlu çalışdırır. Gənc mütəxəssisin sənə güvənəcəyini düşünürsən?
– Əsas hədəfim gələm mövsümdə "Neftçi"də oynamaqdır. Əgər alınmasa, düşünürəm ki, "Başakşəhər"də forma şansı tapa biləcəm.

– Niyə məhz "Neftçi"ni seçdin? Digər təkliflər yox idi?
– "Neftçi" Azərbaycanın ən böyük klubudur. Digər ölkələrdən də transfer təklifi aldım. Amma mən buranı seçmək istədim.

– "Neftçi"də oynadığın müddətdə hansısa bir klubdan transfer təklifi almısan?
– Xarici ölkələrdən təklif gəldiyini bilirəm. Lakin bu məsələlərə menecerim cavabdehdir.

– Qış toplanışı çərçivəsində "Visla"(Plotsk) ilə üzləşəcəksiz. Hansı ki, keçmiş komanda yoldaşın Anton Krivotsyuk da çıxış edir. Nə deyə bilərsən?
– Anton və bizim üçün duyğusal oyun olacaq.

– Eyni anda həm Türkiyə millisindən, həm də Azərbaycan millisindən təklif gələrsə, hansını seçərsən?
– Təbii ki, yenə Azərbaycan millisini seçərdim.

Cavid Əliyev