Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qarabağ”ın startdakı rəqibi “Aşdod”dur. İsrail təmsilçiləri bizimkilərlə oyunlarda daim üstün tərəf olsalar da, ağdamlıların təcrübəsi, əvəzində aşdodluların beynəlxalq miqyasda nadir hallarda görünməsi Qurban Qurbanovun komandasının növbəti mərhələ şansını xeyli artırır.

İndiki halda “Aşdod” biz azərbaycanlılar üçün sirli qutudur. “Makkabi” və “Hapoel”lərlə müqayisədə bu kollektiv haqda ciddi bilgiyə sahib deyilik. Müəyyən məlumatlar toplamaq, “köhlən atlar”ın rəqibi haqda bilmədiklərimizi öyrənmək üçün vaxtilə Azərbaycan çempionatında top qovmuş, uzun illərdir İsraildə yaşayan Emil Kitelmanla danışmağı məqsədəuyğun saydıq.

“Şəfa”, “Xəzər Universiteti”, “Masallı”, “Olimpik”, “Muğan” kimi komandaların sabiq yarımmüdafiəçisi Offsideplus.az-a müsahibəsində “Aşdod” haqda müəyyən bilgilər verdi.

- “Qarabağ”ın Konfrans Liqasında hansı komanda ilə oynayacağını bilirsən yəqin.

- Əlbəttə, bilirəm. “Aşdod”dur, “Aşdod” (gülür)...

- Niyə güldün?                                         

- Yəni ki, peşəkar futbol oynamasam da, dünyada baş verənlərdən xəbərdaram.

- Elə “Aşdod”a görə narahat edirəm səni. Bu komanda haqda bilmədiklərimizi öyrənmək üçün.

- Belə də, İsrailin ortabab komandalarından hesab olunur. Deyim ki, köklü klubdur, yox. Deyim ki, burda çox ciddi rəqib kimi qəbul olunur, yox. Beynəlxalq təcrübələri də kifayət qədər deyil. Sıradan komandadır. İnanırsınız, ötən mövsüm başımız o dərəcədə koronavirusa qarışdı ki, futbolu da unutduq. Çempionat dayandı, sonra bərpa olundu, ardınca yenə dayandı. Azarkeşlərin stadiona girişinə qadağa qoyuldu. Bir də gözümüzü açdıq ki, çempionat bitdi.

4e4e02c3 6897 4cd7 a793 9e311e23c02c

- Yəni “Aşdod” haqda məlumatsızsan.

- Məlumatsızam deyəndə ki, mütəmadi olaraq oyunlarını izləmədiyim üçün oyun üslubları, taktiki-texniki hazırlıqları haqda detallı məlumat verə bilməyəcəyəm. Bir də ki, burda diqqətlər daha çox Hayfa “Hapoel”inə, Təl-Əviv “Makkabi”sinə, “Hapoel”inədir. Azərbaycandakı “Qarabağ”la “Neftçi” kimi (gülür).

Hə, onu deyə bilərəm ki, bir neçə il əvvəl elitadan aşağı dəstəyə yuvarlanmışdılar. Sonra-sonra... Bilmirəm eşitmisiz, ya yox, aparıcı futbolçuları vardı, Şlomi Azulay. “Aşdod” üçün olduqca önəmli fiqur idi. O gün Təl-Əviv “Hapoel”i ilə müqavilə bağladığını oxudum hansısa saytda. Onun gedişi komanda üçün ciddi itki olacaq. Hətta azarkeşlər bu ayrılığı qəbul edə bilmir, sosial şəbəkələrdə etiraz edirlər. “Aşdod” tipik İsrail komandasıdır, sürətli cinah hücumları və yüksək fiziki hazırlıq.

- Ortabab komanda deyirsən, amma mövsümü 14 iştirakçı arasında 3-cü sırada başa vurublar.

- Çempionatın əvvəlində topladıqları xallar sayəsində 3-cü pillədə qalmağı bacardılar. Yoxsa sona yaxın o da əldən çıxacaqdı. Təsəvvür edin, mövsümün sonunda səhv etmirəmsə, 10 oyunda qələbənin nə olduğunu bilmədilər (8 oyunda qələbəyə həsrət qalıb, yalnız sonuncu turda səfərdə Petah Tıkva “Makkabi”sini məğlub ediblər – red.). Ümumi götürsək, qeyri-sabit komandadır. Heyəti gücləndirməsələr, Konfrans Liqasında işləri çətin olacaq. Bu da inandırıcı görünmür. Çünki büdcələri də böyük deyil. Hətta əllərindəki futbolçuları saxlamaqda çətinlik çəkirlər.

IMG 6713

- Aşdoddakı stadion beynəlxalq tələblərə cavab vermədiyindən, “Aşdod” rəqibini Petah Tıkvada qəbul etməli olacaq. Bunu yerli komanda üçün minus hesab etmək olar?

- Deməzdim. İsrail elə də böyük ölkə deyil. Bu şəhərdən digərinə 20-30 dəqiqəyə gedirsən. Sürətli sürüş üçün avtomagistrallar var ki, yolu qısaldır. Belə deyim, Aşdodla Petah Tıkvanın arası Bakıya Sumqayıt arasındakı məsafə qədərdir. Ona görə də bu baxımdan heç bir problem olmayacaq. Azarkeşlər özlərini elə Aşdoddakı kimi hiss edəcək.

- Azarkeş demişkən, komandanın fanat dəstəyi var? “Qarabağ”ı “12-ci oyunçu” təhlükəsi gözləyir?

- Açıq danışaq da, hər şəhərin, bölgənin özünə görə azarkeşləri var. “Aşdod”u da yerli sakinlər sevir. Aşdod nə Təl-Əvivdir, nə də Hayfa. Amma müəyyən sayda fanatları var.

- Azarkeşlər stadionlara buraxılır?

- Şükürlər olsun, koronavirus bəlası başımızdan getdi. Artıq hər yer işləyir, bütün qadağalar aradan qalxıb. Hətta qapalı məkanlarda da maskadan istifadə etmirik. Əvvəlki həyatımıza qayıtdıq. 2-3 həftə əvvəl ölkə kubokunun finalında “Hapoel” (Təl-Əviv) ilə “Makkabi” (Təl-Əviv) qarşılaşdı. Stadionda 1 dənə də boş yer yox idi, tam dolmuşdu. Odur ki, avrokuboklarda da stadionlara azarkeşlərin buraxılacağını düşünürəm.

d94c4d27 5a4c 45da 8b4a f8f94955daa1

- İsraildən “Qarabağ” – “Aşdod” cütünün favoriti hansı komanda görünür?

- Hər iki komandanı tanıdığım üçün “Qarabağ”ın mərhələ adlayacağını düşünürəm. Çünki avrokubok təcrübəsi və futbolçuların bacarığı baxımından “Qarabağ” daha üstündür. Amma bir şeyi də unutmayaq ki, əvvəlki illərdə Azərbaycan təmsilçiləri favorit göstərildikləri oyunlarda İsrail komandaları keçə bilməyiblər. Bunun da başlıca səbəbi burdakı iqlimə görədir. Hər komanda İsrailin iqliminə öyrəşə bilmir. Düzdür, Azərbaycanın iqlimi ilə oxşarlıq var. Amma yayda burda isti və rütubət daha çox olur. 2 il əvvəl “Neftçi”nin futbolçuları ilə danışırdım, dedilər, 15 dəqiqədən sonra nəfəs almaq olmurdu (2019-cu ilin yayında “Neftçi” “Bney Yehuda” ilə qarşılaşıb mərhələni adlaya bilməmişdi – red.). Bu məqam “Qarabağ”ın ziyanını işləyə bilər. Yaxşı olardı ki, “Qarabağ” oyundan bir neçə gün əvvəl gəlsin bura. Nə qədər güclü futbolçular olsa da, iqlim adama çətinlik yaradır.

HƏBİB